Xəbər lenti

Niyə Rusiya ABŞ-dan istədiyi hər şeyi alır, qarşılığında heç nə vermir? - İzah
Dünya 10:24 30.04.2025

Niyə Rusiya ABŞ-dan istədiyi hər şeyi alır, qarşılığında heç nə vermir? - İzah

ABŞ prezidenti Donald Tramp üç ay davam edən danışıqlardan sonra Rusiya lideri Vladimir Putindən heç bir güzəşt əldə edə bilməyib və indi ''bu vəziyyətdən tamamilə çıxmaqla'' hədələyir. 

Qaynarinfo xəbər verir ki, "The Atlantic” jurnalının yazdığına görə, bu sualın cavabı həm Trampın şəxsi xüsusiyyətlərini, həm də beynəlxalq münasibətlərin yeni dövrünü aydın göstərir.

Qeyd olunur ki, əslində Rusiya istədiyi hər şeyi əldə edir və qarşılığında heç nə vermir:

"Hazırda formalaşan saziş o qədər birtərəfli və Putinin xeyrinədir ki, Tramp administrasiyası guya Rusiyanın verdiyi güzəştləri "uydurmaq" məcburiyyətində qalır... Tramp özü güzəşt kimi Putinin (nəzəri cəhətdən) bütün Ukraynanı işğal etməməyə razılaşmasını göstərir – halbuki, mövcud vəziyyətdə o, bunu onsuz da edə bilməz. Bu isə hər şeydən əvvəl göstərir ki, Tramp özünü hesab etdiyi qədər böyük danışıqlar ustası deyil".

Jurnalda xatırladılır ki, formalaşmaqda olan razılaşma çərçivəsində Ukrayna ya işğal olunmuş ərazilərin bir hissəsindən, ya da hamısından imtina etməli olacaq və əvəzində gələcək Rusiya təcavüzündən qorunmaq üçün hansısa təhlükəsizlik zəmanətləri alacaq. Rusiya isə – guya ki, bu razılaşmaya ümidsiz şəkildə möhtac olan tərəf – bu şərtlərlə razılaşmır.

Məqalədə o da qeyd olunur ki, çox güman, Putin əvvəldən Ukrayna ilə müharibəyə fasilə vermək niyyətində olmayıb, amma Tramp bunu araşdırmağa belə cəhd etməyib.

"Uzunmüddətli perspektivdə Putin zəifdir, amma qısamüddətli dövrdə Ukrayna daha zəifdir və Putin ona arxalanır ki, Ukrayna ondan əvvəl dağılacaq. O həmişə düşünüb ki, zaman onun tərəfindədir. Bu fikri dəyişmək üçün Putin Trampın Ukraynanı uzunmüddətli dəstəkləmək niyyətində olduğuna inanmalı idi. Onda o, düşünməli olardı: ordusu və ya cəmiyyəti dağılmamışdan əvvəl bu müharibəni daha neçə il davam etdirə bilər? Hətta bu halda da o, müharibəni davam etdirməyi seçə bilərdi, amma heç olmasa Trampa nəyisə vermək ehtimalı yaranardı".

"The Atlantic” yazır ki, bu cür sazişə nail olmaq üçün Tramp inandırıcı şəkildə ''blef etməli'' idi – yəni, Rusiyanın razılaşmaması halında Ukraynanı dəstəkləməyə hazır olduğunu göstərməliydi:

"Bu onun əsas kozrı idi. Amma ondan heç vaxt istifadə etmədi".

Nəticədə, Tramp Ukrayna prezidenti Volodimir Zelenskiyə Krımın Rusiya tərəfindən ilhaqını tanımadığı üçün hücum çəkəndə, Putin Kiyevə qarşı ballistik raketlərlə mülki hədəflərə zərbə endirdi. Məqalədə bildirilir ki, bundan sonra Trampın Putinə etdiyi çağırış – ''Vladimir, dayan!'' – çox güman, dinc sakinləri qorumaq istəyi deyil, bütün dünyanın gözü qarşısında özünün alçaldılmasına son qoymaq arzusu idi:

"Bu, ukraynalılara deyil, onun özünə zərbə endirilməməsi üçün edilən yalvarış idi. Putinin bu aciz çağırışı necə zövqlə oxuduğunu təsəvvür etmək çətin deyil... Tramp görünür, sadəcə Ukrayna məsələsini bağlayıb Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir... Amma əgər Putin doğrudan da ABŞ-la tərəfdaşlıq istəsəydi, heç olmasa simvolik bir addım atardı – hər kəsin gözlədiyi kimi. Bunun əvəzinə o, Trampın təslimçiliyinə cavab olaraq mülki obyektə raket zərbəsi endirdi".

Məqalənin sonunda deyilir ki, ola bilər Putin düşünür ki, Tramp münasibətlərə o qədər möhtacdır ki, hər cür alçalmaya dözəcək. Amma bu, Tramp üçün pis xəbərdir və onun liderliyə can atdığı çoxqütblü dünyanı gözləyən qeyri-sabitlik və münaqişələrin əlamətidir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->