Xəbər lenti

Amal Abuşov
İdman 09:42 16.04.2025

"Ağ-qaralar" "ağ gün"ə nə vaxt çıxacaq?

Roman Qriqorçuk "Neftçi”də uğursuzluq yaşayanda biz nə deyirdik? Deyirdik ki, bu uğursuzluqların səbəbi baş məşqçidə deyil, komandanın heyəti düzgün formalaşdırılmayıb, legionerlərin səviyyəsi aşağıdır, yerli futbolçular meydanda can qoymur...

Elə Qriqorçuk da mətbuat konfranslarından birində buna işarə vurmuşdu. Bildirmişdi ki, transferlər onun seçimi deyil, yalnız bir futbolçu Qriqorçukun razılığı ilə "Neftçi”yə gətirilib. Həmin futbolçu da baş məşqçinin həmyerlisi Andrey Ştoqrin idi. Vəssalam. Bu mənada mən Qriqorçukla həmfikir idim. Eyni zamanda çox etibarlı mənbələrdən məlumat alırdım ki, "Neftçi”də gizli əməliyyat həyata keçirilir, həmin vaxt "Sumqayıt”ı çalışdıran Samir Abasovun baş məşqçi postuna gətirilməsinə hazırlıq görülür. Sonda elə o cür də oldu.

Təbliğat elə qurulmuşdu ki, klubda layiq olduğundan qat-qat artıq məvacib alan, həmin pullardan kimlərəsə faiz verənlər legioner və yerlilər tənqid olunmurdu. Bütün günahlar Qriqorçukun üzərinə atılırdı. Deyirdilər ki, o qovulan kimi hər şey düzələcək. Qriqorçuk getdi, yerinə Samir Abasov gəldi. Amma heç nə düzəlmədi. Çünki problem baş məşqçi ilə bağlı deyildi. İndi Samir bəy "Neftçi”ni xalsız və qələbəsiz qəbul etdiyini, sonra 8 qələbə qazanıb, 35 xal topladığını önə çəkə bilər. Xüsusən də "Neftçi”nin ölkə kubokunda yarımfinala çıxması böyük uğur kimi təqdim edilir. "Neftçi”nin büdcəsinin, legioner və yerli futbolçulara, məşqçilərə və menecerlərə, xaricdən gətirilən idarəçilərə xərclənən milyonların qarşılığında bu nəticələr heç nədir. Yeri gəlmişkən, "Neftçi”nin kubokda finala yüksəlmək şansı da xeyli azdır, "Sabah” ilk görüşdə səfərdə qələbə qazanıb. Premyer Liqadakı turnir cədvəlində isə komandanın yeri 6-cıdır. Qürrələndiyiniz nəticələr bunlardırmı?!

Premyer Liqanın 30-cu turunda "Neftçi” "Zirə” ilə qarşılaşmada hesabda 2:0 önə keçmişdi. Lakin bu üstünlüyü qorumaq mümkün olmadı, "ağ-qaralar” doğma meydanda 2:4 hesabıyla uduzdu. Məğlubiyyətdən sonra Samir Abasov komandanın problemlərini bildiyini söyləyib. Elə biz də problemləri bilirik və onları Abasovdan daha öncə dilə gətirirdik. Fakt odur ki, Samir Abasov bu problemləri bilə-bilə "Neftçi”ni qəbul etməyə razılıq verib. Özü "Sumqayıt”ın baş məşqçisi ola-ola, "Neftçi”nin də Qriqorçukla rəsmi müqaviləsi davam edə-edə. Nə anladıq biz bu işdən? Hansı sehirli güc Samir bəyi doğma şəhərinin komandasından soyudub, paxtaxta can atmağa vadar etdi?

"Zirə”yə məğlubiyyətdən sonra bir sosial ekspement apardım. Həm klubun rəsmi səhifəsində, həm də azarkeş səhifəsində şərh yazdım ki, Samir Abasov məşqçi kimi "Neftçi” potensialını tam aça bilməyib, ona zaman verilməlidi. Bir qrup azarkeş mənimlə razılaşmadı, hətta şərhimin ironiya olduğunu deyən də tapıldı. Müəyyən bir qrup da vardı ki, günahın Samir Abasovda olmadığını, heyətin böyük hədəflərə çatmaq üçün hazır olmadığını iddia etdi. Necə ki, eynisini mən hələ Qriqorçuklu "Neftçi” qələbəsiz oyunları sıralayanda yazırdım. Belə başa düşürəm ki, həmin qrupa daxil olanlar mövsümü Samir bəylə yekunlaşdırmağın, yay fasiləsində onun da iştirakı ilə "daha güclü” heyət formalaşdırmağın və yeni mövsümə də onunla başlamağın tərəfdarıdır. Qoy olsun.

İndidən sonrasının necə olacağını da deyim. Bu cür ssenarinin final bölümünə uzağı beş, yaxud da altıncı turda çatacaq. Baş məşqçilərin kölgəsində gizlənib, transferlərdən milyonlar qazananlar Samir Abasova da xidmətlərinə görə təşəkkür edib, yeni baş məşqçi ilə yeni məcaralar axtarışına başlayacaqlar. Sonrası da Allah kərimdir. 

Amal Abuşov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->