Xəbər lenti

Dəmirəl, Ecevit və milli ideyamız...
Hüseynbala Səlimov
Siyasət 10:55 25.04.2025

Dəmirəl, Ecevit və milli ideyamız...

Öyrənmək və müqayisə apara bilmək imkanı – bunu da biz, post-sovet ölkələrinin insanları, Sovetin çöküşündən sonra qazandıq, əvvəl belə şey yox idi, həm fiziki, həm də intellektual mənada. 

Özü də bu, təkcə, tutaq ki, müqayisəli politologiya ilə məşğul olanlar üçün və yaxud müqayisəli iqtisadi tədqiqat aparanlar üçün yox, bütün insanlar, hamı üçün önəmlidir. 

Konkret olaraq biz siyasi təhlilçilərə gəldikdə, nəinki qonşu Rusiyanın, İranın və xüsusən də qardaş Türkiyənin siyasət dünyası üzümüzə açılıb, bəzən bütün detalları, təfərrüatları biməsək də, hər şeyi yerli-yataqlı öyrənmək iqtidarında olmasaq da, müəyyən nəticələr çıxarmaqçün bilgi əldə edə bilirik.

Ona görə də bu kiçik yazını yazmağa qərarlaşanda bir detala görə Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl yadıma düşdü və səbəbini bir az aşağıda ərz edəcəm. Amma əvvəlcə onu deyim ki, dəfələrlə yazmışam, Türkiyə siyasətçilərindən böyük Atatürkdən sonra daha çox Bülənt Ecevitə simpatiyam və marağım olub - əlbəttə, daha çox liberal düşüncəli adam olsam da, anti-kommunist, millətçi siyasətçi Türkeşə də həmişə sayğım olub. 

Sonuncu ilə ilgili maraqlı detal həm də budur ki, türkiyəlilər də həm kommunist şair Nazim Hikmətə və yazıçı Əziz Nesinə, həm də anti-kommunist siyasətçi Türkeşə sayğı və sevgi bəsləyirlər - zənnimcə, əsl qeyri-səlis məntiq də, yanaşma da elə budur.

Bülənt Ecevitlə bağlı onu deyə bilərəm ki, ona sayğım təkcə onunla bağlı deyil ki, o, faktiki olaraq Kipr türklərini xilas etmişdi (hətta Abdulla Öcalan da səhv etmirəmsə, onun baş nazirliyi dövründə həbs olunmuşdu!), həm də onunla bağlıdır ki, ali təhsil diplomu olmadığına görə prezident ola bilməyəndə ona müvafiq qanunu dəyişməyi təkilf etmişdilər, amma Bülənt bəy razılıq verməmişdi, halbuki dünyada başqa siyasətçilər özlərinin siyasi ömürlərini uzatmaqçün nələr etmirlər! Bəli, böyük siyasətdə belə böyük kişilər də olub. 

Dəmirələ gəldikdə, ötən əsrin son dövrlərində türkiyəli siyasətçilər və siyasi yazarlar özləri deyirdi ki, o, millətçi albay Türkeşdən, iqtisadçı Özaldan daha çox siyasətçidir. Mən Türkiyə siyasətini daim izləməyə çalışsam da, bütün hallarda qardaş ölkənin siyasi tarixi üzrə mütəxəssis deyiləm, ona görə də bəzi məsələlərlə bağlı hökm verə bilmirəm. 

Amma yadıma gəlir, Yuqoslaviya münaqişəsinin alovlu vaxtlarında bir məqamla bağlı rusiyalı təhlilçilər qovrula-qovrula yazırdılar ki, Dəmirəl bizi qabaqladı. Belədəsə, deyərdik ki, o, ən azı başqa bir məsələdə - gənc Azərbaycanın problemlərinə münasibətdə dəfələrlə nəinki Rusiya prezidenti B.Yeltsini və Kremli, çoxunu qabaqlamışdı və gərək, bunu da hərdən etiraf edək...

Onu da qeyd edək ki, Türkiyədə Dəmirələ, Ecevitə və Türkeşə dəfələrlə siyasətlə məşğul olmaq hətta yasaq olunmuşdu. 

Amma bu, Ecevitə bir neçə dəfə baş nazir, Dəmirələ isə nəinki baş nazir, hətta prezident olmağa mane olmadı. 

Elə Alparslan Türkeş də nəinki baş nazir müavinliyinə qədər yüksəldi, hətta dəfələrlə çox böyük siyasi proseslərin ən əsas iştirakçılarından -fiqurlarından birinə də çevrildi.         

Prezidentlikdən getdikdən sonra Dəmirəl tez-tez müsahibələr verirdi. Birində dedi ki: "Siyasət həm də səbr tələb edən işdir!”

Bu sözlər o vaxtdan yadımda qalıb. İndinin özündə bir sıyasi yazar kimi bəzən mənə elə gəlir ki, bizim oxucu dünyası çox ətalətlidir, nə qədər cəhd edirsən, onu yerindən tərpədə və oynada bilmirsən. Böyük yazıçı-fantast, filosof və dissident Stanislav Lem deyirdi ki, heç kim heç nə oxumur, oxusa da, heç nə başa düşmür və başa düşürsə də dərhal unudur! Bəli, oxucular haqqında düşünəndə bu sözlər yada düşür. Onu da deyim ki, biz gənclikdə Lemi daha çox fantast yazıçı kimi tanıyırdıq, sonradan bildik ki, o, dünyanın fəlsəfi mərkəzlərində belə yaxşı tanınan adamdır. Gənclikdə onu bizə başqa bir məqam da yaxınlaşdırmışdı. O vaxt müsahibələrinin birində demişdi ki, bəs oğlu "kaltex”də (Kaliforniya Texnologiya İnstitutu) nəzəri fizikanı öyrənir!  

Amma bəzən də adama elə gəlir ki, bəlkə oxucu daha səbrlidir və bəlkə bizdən daha müdrikdir?..

Ölkəmizin müstəqil olmasından otuz ildən bir az artıq vat keçib. Bu illər ərzində nə olub?

Birincisi, ölkə təkcə de-yure deyil, həm də de-fakto da müstəqil olub: burada nə Rusiya hərbi bazaları var, nə də başqa bir şey! Üç Baltik respublikasından sonra biz Rusiyanın geosiyasi təsir dairəsindən ən kənarda olan post-sovet ölkəsiyik!

İkincisi, Dağlıq Qarabağ problemi həll olunub, ölkənin ərazi bütövlüyü bərpa olunub, suverenliyi bütün coğrafiyasına şamil edilib! 

Bunlar azdırmı? Əıbəttə, yox! Amma bir az da irəli getmək lazımdır. Zənnimizcə, növbəti mərhələ ölkənin daha da demokratikləşməsi və vətəndaşlarımızın siyasi və iqtisadi haqlarının daha da genişlənməsi olmalıdır.

Ötən ilin söhbətidir. Televizya kanallarının birində diskussiya gedirdi. Bir nəfər dedi ki, yaxın dövr üçün bizim milli ideyamız Şərqi Avropa ölkələrinin səviyyəsinə çatmaq olmalıdır. 

Fikir mənə çox maraqlı göründü. Həqiqətən də, niyə yaxın on ildə, məsələn, Polşanın, Macarıstanın, Çexiyanın və s. səviyyəsinə çatmağı qarşımıza məqsəd qoymayaq? 

Əlbəttə, zorla NATO-nun və yaxud da Avropa İttifaqınnı üzvü ola bilmərik, bizi orada heç kim gözləmir də (deyəsən, özümüzün də belə fikirmiz yoxdur!), amma vətəndaşlarımızın rifahını (iqtisadi aspektləri iqtisadçılar araşdırmalıdı), siyasi-iqtisadi azadlıqlarını artıra bilərik axı!
 
Hüseynbala Səlimov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->