"Neftçi”nin "Sumqayıt”la "əzmkar bərabərliyə” sevinməsiylə çempionatımızın 32-ci turu başa çatdı. Bu heç-heçə kimi sevindirdi, kimi üzdü deyə bilmərəm. Dəqiq bildiyimiz odur ki, məhz bu turdan sonra Azərbaycan çempionatında iki əhəmiyyətli hadisə baş verdi. Bunlardan birincisi "Zirə”nin mükafatçılar sırasındakı yerini, həm də avrokuboklara vəsiqəni təmin etməsi oldu. İkincisi isə "Qarabağ”ın 12-ci çempionluğunu rəsmiləşdirməsi.
Həm "Zirə”, həm də "Qarabağ” mövsümü əla keçirdi, daim stabil çıxış etdi. Belə olan halda finişə 4 tur qalmış hər ikisinin uğrunu rəsmiləşdirməsi də təəccüblü olmadı. Hətta deyərdim ki, bu iki komandanın uğurunu rəsmiləşdirməsi bir qədər gecikdi də. Azərbaycan futbolunu, çempionatın gedişini yaxından izləyən hər kəs təsdiqləyə bilər ki, "Qarabağ”ın növbəti çempionluğunu rəsmiləşdirəcəyi artıq 1-ci dövrədən sonra heç kimdə şübhə doğurmurdu. "Zirə” isə zaman-zaman "Araz Naxçıvan”dan geri düşsə də, daha sabit çıxış etməsinin, hədəflərinə doğru inamla irəliləmisinin faydasını qış fasiləsindən sonra görməyə başladı.
Uğurun səbəbləri haqqında danışanda bir çox məqamlara diqqət yetirmək, onları önə çəkmək olar. Sözsüz ki, "Neftçi” ilə "Sabah”ın heç cür özünə gələ bilməməsi, iddialarına və xərclənən büdcələrə uyğun çıxış etməyi bacarmaması bu mənada "Qarabağ”la "Zirə”nin işini asanlaşdırdı. Bunun da nəticəsində "Neftçi” və "Sabah” mövsümün startından ilk pillələrdən uzaq düşdü, mükafatlar uğrunda mübarizəyə müdaxilə edə bilmədilər. Əvəzində "Araz Naxçıvan” və "Turan Tovuz” "bərk qoz”a çevrildi. Elə hazırda bu iki komandanın 3-cü və 4-cü pillədə qərarlaşması, medal qazanmaq və avrokuboklara vəsiqə qazanmaq şanslarını saxlaması qanunauyğunluqdur.
Azərbaycan klubları arasında belə dalğalanmaları çox görürük. "Neftçi”nin ölkənin ən qocaman klubu olmasını, tarixini nəzərə almasaq, "ağ-qaralar” da son illərdə bu karvana qoşulub. Sabit büdcəsi, amma qeyri-sabit nəticələri olan klublarımız qısa müddətdə uğur qazanmaq üçün tələsik işlər görür, yararlı-yararsız legionerlərə ətək-ətək pullar xərcləyirlər. "Qarabağ”la "Zirə”nin qazandığı nəticələr, sabit qrafik başqaları üçün də nümunə olmalıdır.
"Zirə” ardıcıl ikinci dəfə mükafatçı olmağı bacarıb. Ötən mövsüm gümüş medalları qazanan "Zirə” bu mövsüm də eyni əyarlı medala sahib olmağa çox yaxındır. Rəşad Sadıqovun komandası ən yaxın izləyicisi "Araz Naxçıvan”ı 10 xal qabaqlayır, çətin ki, qalan 4 tur ərzində bu xal fərqi qapansın. 77 xallı "Qarabağ” isə turnir cədvəlinin zirvəsindədir və rəqibləri üçün əlçatmazdır. Bu çempionluq "Qarabağ” üçün 12-cidir. Qazanılan o 12 çempionluğun 11-nin altında Qurban Qurbanovun imzası var. 53 yaşlı mütəxəssis "Qarabağ”ın baş məşqçisi kimi 11-ci çempionluğunu qazandı. Çətin ki, yaxın gələcəkdə kimsə Qurbanovun bu göstəricisinə yaxın düşə bilsin.
"Qarabağ”ın zirvədə olmasına son illərdə vərdiş etmişik. Vərdiş etdiyimiz təkcə bu deyil. Hər bir çempionluq "Qarabağ” üçün əlavə məsuliyyətdir. Bu uğurun davamını avrokuboklarda gətirmək, azərbaycanlı futbol azarkeşlərini yeni uğurlarla sevindirmək də "Qarabağ”ın üzərinə düşən öhdəçilikdir. "Zirə”nin də bu yay "Qarabağ”a yol yoldaşlığı edəcəyinə, Avropanın yaşıl meydanlarında "köhlən atlar”la birlikdə addımlayacağına inanırıq. Azərbaycan futbolunun bu uğurlara böyük ehtiyacı var.
Amal Abuşov
Şərhlər