Xəbər lenti

Qəzza müharibəsi üçün son tarix: İsrail oktyabra qədər HƏMAS-ı bitirmək istəyir
Dünya 23:55 29.04.2025

Qəzza müharibəsi üçün son tarix: İsrail oktyabra qədər HƏMAS-ı bitirmək istəyir

İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağında davam edən hərbi əməliyyatları 2025-ci ilin oktyabr ayına qədər başa çatdırmaq istədiyi bildirilib. 

Qaynarinfo xəbər verir ki, İsrail rəsmilərinin "Israel Hayom" nəşrinə verdiyi məlumata görə, bu çərçivədə İsrail ordusu (İDF) Qəzzada hücumlarını intensivləşdirməyə başlayıb.

Əməliyyatların sürətləndirilməsi qərarı 26 aprel tarixində HƏMAS tərəfindən İsrail hökumətinə təqdim edilən yeni təklifdən sonra verilib. Təşkilat 7 oktyabr 2023-cü ildə həyata keçirdiyi hücum zamanı ələ keçirdiyi bütün girovların azad edilməsi qarşılığında 5 illik atəşkəs təklif edib. Lakin İsrail tərəfi bu təklifi dərhal rədd edib. İsrail rəsmilərinin fikrincə, belə bir fasilə HƏMAS*-a bərpa olunmaq, silahlanmaq və yenidən hücuma keçmək imkanı verəcək.

İsrailin təhlükəsizlik aparatından adının açıqlanmasını istəməyən bir rəsmiyə görə, Netanyahunun məqsədi müharibənin iki ildən çox davam etməsinə imkan verməməkdir. İsrail nazirləri də son həftələrdə Qəzza əməliyyatlarına konkret son tarix qoyulması üçün təzyiq göstəriblər.

"Ynet" nəşrinin məlumatına görə, İsrail artıq əməliyyatların genişləndirilməsinə başlayıb və ehtiyatda olan əsgərlərin səfərbərliyi artırılıb. İsrail ordusunun nümayəndəsi bildirib: "Son atəşkəsdən dərhal sonra əməliyyatları genişləndirməməyimizin səbəbi, girovlarla bağlı danışıqlara bir şans vermək idi. Lakin səbirlərimizin bir həddi var".

"The Guardian"ın əldə etdiyi məlumata görə, son həftələrdə İsrail ordusu Qəzza sakinlərini təhlükəsiz zonalara keçmək barədə əvvəlki kimi məlumatlandırmır. Bu isə humanitar işçilərin və mülki şəxslərin təhlükəsizliyi baxımından ciddi suallar doğurur.

Eyni zamanda, İsrail ordusu Qəzzada humanitar yardımı məhdudlaşdıraraq HƏMAS-a təzyiqi artırmağı nəzərdən keçirir. İsrailli komandirlər iddia edirlər ki, HƏMAS bu yardımlardan öz döyüşçülərinə maaş ödəmək, silah ehtiyatını artırmaq və fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə edir. "Bir yük maşını yardım HƏMAS-a bir briqada saxlamağa bəs edir", deyə İDF-nin yüksək rütbəli zabiti bildirib.

İsraildə girovların ailələri tərəfindən yaradılmış Zaminlər Forumu isə hökuməti müharibənin daha da dərinləşdirilməsinə görə tənqid edib: "Həmişə eyni şeyi etmək və fərqli nəticə gözləmək nəyə lazımdır? Nə üçün Qəzza bataqlığına daha dərindən girmək lazımdır? Cəsarətli olmaq və girovları evə qaytaracaq razılaşma əldə etmək vaxtıdır. Əgər istəsə, İsrail hökuməti girovları sabah səhər qaytara bilər".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->