Xəbər lenti

İnsanlar akula olsaydı...
Məmməd SÜLEYMANOV
Ölkə 11:25 25.04.2025

İnsanlar akula olsaydı...

Böyük Bertold Brextin "Əgər akulalar insan olsaydı” adlı balaca bir mətni var.

Qızcığazın "Onlar balaca balıqlara qarşı xeyirxah olardımı” sualına cənab K. "Əlbəttə” deyə cavab verir. Əgər akulalar insana çevrilsəydi, onlar balaca balıqları təmiz su, sanitariya şəraiti, hətta xəstəxana ilə təmin edərdi. Balıqlar kədərlənməsin deyə bayramlar təşkil olunardı, çünki şən balıq daha dadlıdır. Məktəblərdə balıqlara birbaşa akulanın ağzına tullanmaq üsulları öyrədilərdi. Ən mühümü isə mənəvi tərbiyədir - təhsil vasitəsilə onlara təlqin olunardı ki, balaca balığın həyatının yeganə mənası və gözəlliyi özünü akulanın yolunda könüllü qurban verməkdə, akulaya qeyd-şərtsiz inanmaqdadır. Xüsusən də əgər akula xoşbəxt gələcəkdən danışırsa.

Balaca balıqları inandırardılar ki, xoşbəxt gələcəyin yolu itaətdən keçir. Balıqlar ilk növbədə istənilən marksist və eqoist fikirlərdən uzaq durmalı, kimdəsə bu fikirləri aşkarlasalar dərhal akulalara xəbər verməlidirlər.

Əgər akulalar insan olsaydı, bir-biri ilə müharibələr aparardı. Onlar balaca balıqları döyüşməyə və ölməyə məcbur edərdi. Deyərdilər ki, balıqlar lal olsa da, başqa-başqa dillərdə susurlar. Müharibədə daha çox fərqlənən balıqlara yosundan orden və Qəhrəman adı verərdilər.

Əgər akulalar insan olsaydı, incəsənəti inkişaf etdirərdilər. Şəkillərdə onların iti dişləri təsvir olunardı, teatrlarda qoçaq balıqların necə təntənə ilə və sevinc içində akulanın ağzına tullandığı tamaşaya qoyulardı. Əlbəttə, din də yaranardı. Din öyrədərdi ki, balıqların əsl həyatı akulanın qarnında başlayır...

Brext göstərmək istəyirdi ki, insana çevrilən akula cəmiyyətə elə də çox yenilik gətirməzdi - onun etdiklərinin hamısı insan cəmiyyətində çoxdan mövcuddur. Əsl vəhşinin kim olması sualı ritorikdir. Sadəcə bir fərq var - insana çevrilən akulanın bütün siyasəti biologiya qanunları ilə yox, yüksək ideallar altında aparılardı. Akulalar balıqların itaətinə nail olmaq üçün insandan yeni üsullar öyrənərdi, istismar həm də təbliğat vasitəsilə həyata keçirilərdi. Balaca balıqlar sivilizasiyada yaşadıqlarına inandırılar, onlara Azadlıq və Ədalətin qalib gələcəyi uzaq və qeyri-müəyyən gələcək vəd olunar, bu fantom isə həm də mədəniyyət, ədəbiyyat, incəsənət və təbliğat vasitəsilə təqdim edilərdi. 

Balıqlar da razı qalar, hərəsi öz akulasını təriflərdi. 

Balıqlar inanardı ki, akulalar olmasa kölələrin sivilizasiyası - sintetik geyimləri, zəhərli yeməkləri, bir neçə günə cırılan ayaqqabıları, başlarına uçan panel evləri, tez xarab olan texnika, kreditlər və ipoteka, kompüter və internet, sosial şəbəkələr və oradakı "söz və ifadə azadlığı” olmazdı. Akulalar olmasa, milli birliyin, başqalarından fərqliliyin, milli dəyərlərin mövcudluğunu bilməzdilər. Akulalar olmasa, hamı bərabər olardı - bu isə çox pisdir.
Yəni, akulalar insan olsaydı, dənizdə də mədəniyyət və özünüdərk yaranardı.

Sonunda da balıqlar torpağını konkistadora verib əvəzində muncuq alan qoca hindunun nəvələrinə danışdığı nağılı təkrarlardı: "Nə olsun ki, biz köləyik. Boyun əyməsəydik, muncuğumuz olmazdı. Baxın, necə gözəl muncuqdur”. 

Akulalar insan olsaydı, onlar bəzi balıqlara vəzifə və xüsusi səlahiyyətlər verərdi. Bu seçilmiş balıqlar başqa balıqların üzərində nəzarətçi qoyulardı. İri balıqlar xırda balıqları yemək hüququ qazanardı. Akulalar buna yalnız sevinərdi - xırda balıqları irilər yeyir, akulalara isə iri balıqlar qalır.

Brextə inansaq, öz həmnövlərini yeyən həmin balıqlar hüquqşünas, siyasətçi, müəllim, hərbçi, mühəndis kimi çalışardılar.

Başayaq dayanmış bu günkü dünyamızda ən qorxulu ssenari gerçəkləşdi - Brextin yazdığının əksinə olaraq, akula insana yox, insan akulaya çevrildi və balaca insanları yalnız bioloji qanunlarla idarə etməyə başladı. Bundan sonra daha mədəniyyətə də, incəsənətə də, əxlaq və mənəviyyat qanunlarına da, hətta tələ rolunu oynamış "Azadlıq və insan haqları” terminlərinə də ehtiyac qalmadı. Yalnız çılpaq biologiya. Yalnız akulalar, onlara xidmət edən iri balıqlar və saysız-hesabsız xırda balıq var. 

İri balıqlara akulaların menyüsünə qatılmaqdan əvvəl xırda balıqları yeməyə icazə verilib. "Səni bu gün yeyim, məni sabah yesinlər” prinsipi çoxdan işə düşüb. Oyunun əvvəlki qaydalarından görüntü də qalmayıb. Yalnız insan cəhalətinə, informasiyaya və sosial şəbəkələrə söykənən kobud güc hüququ qalıb. Artıq nə sərhədlər var, nə çərçivələr, nə də tabular. Dağıntıya proqramlaşdırılmış ölüm maşını hər gün sürətini daha da artırır.

Bütün dünya antisosial eksperiment laboratoriyasına çevrilməkdədir. Qəzzadakı genosid üçün sanki gestapodan qəddarlığa görə qovulanları səfərbər ediblər. Haitidə hakimiyyətə "Barbekü” ləqəbli  (çünki, rəqiblərini bişirməkdən zövq alır) kriminal element nəzarət edir. Salvadorda cəmiyyəti necə nəhəng türməyə çevirmək eksperimenti reallaşdırılır. Argentinada paranoikin əlində ifrat hakimiyyət cəmləşib. Konqoda qonşu ölkədən gəlmiş əlisilahlılar ölüm saçır. Dünənə qədər ən sakit ölkələrdən biri olmuş Ekvadorda mafioz hökumətlə ona qarşı üsyana qalxmış narkokartellər biznesə nəzarət uğrunda qanlı savaş aparır. Siyahı uzundur və get-gedə böyüyür...

Hər şey də ölüm maşınını işə salmış akulaların istəyinə uyğun davam edir - onlar istəsə, balıqlar da barışacaq və razılığa gələcək.

Bəs hansısa anda ölüm maşınına nəzarət itirilsə? Onda nə olacaq? Düşünmək belə qorxuludur...

Məmməd Süleymanov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->