Xəbər lenti

250 min ildir
Dünya 13:38 30.04.2025

250 min ildir "yatan" "zombi vulkan" yenidən aktivləşir

Boliviyanın cənub-qərbində yerləşən Uturunku vulkanı artıq 250 min ildir ki, püskürmür. Lakin alimlərin müşahidələrinə əsasən, bu "zombi vulkan" yenidən canlanma əlamətləri göstərir - bölgədə yeraltı təkanlar və qaz çıxışları qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, Çin, Böyük Britaniya və ABŞ-dan olan alimlərin apardığı tədqiqatın nəticələri PNAS elmi jurnalında dərc olunub.

Cənubi Amerikanın And dağlarında yerləşən və Boliviyanın ən yüksək zirvələrindən biri olan Uturunku vulkanı elm üçün hələ də tam aydın olmayan geoloji sirr olaraq qalır.  Tədqiqatçılar bildirir ki, vulkan ətrafında "sombrero" formasında yer səthinin deformasiyası müşahidə olunur - vulkanın üstündə torpaq qalxır, ətraf sahələrdə isə çökür. Bu isə dərinlikdə geoloji aktivlikdən xəbər verir.

Alimlər 1700-dən çox yeraltı təkanı analiz edərək Uturunkunun altındakı yer qabığının quruluşunu vizuallaşdırmağa nail olublar. Bu texnika "seysmik tomoqrafiya" adlanır.

Tədqiqat nəticəsində məlum olub ki, vulkanın zombi kimi davranmasının əsas səbəbi kraterin altındakı rezervuarlarda toplanan isti mayelər və qazların hərəkətidir. Məhz bu mayelərin yerdəyişməsi yeraltı təkanlara və torpağın qalxıb-çökməsinə səbəb olur.

Alimlər qeyd edirlər ki, bu metodika digər təxminən 1400 potensial aktiv vulkanın da öyrənilməsi üçün faydalı ola bilər.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->