Bakıda həyət evindən ikitaylı dəmir darvazanı söküb oğurlayan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları yaşayış massivində yerləşən evlərin birində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü M.Fərid sözügedən ünvanda həyət evindən 950 manat dəyərində, üzərində naxışlar olan ikitaylı dəmir darvazanı çərçivəsindən söküb, idarə etdiyi "VAZ-2106" markalı avtomobillə daşıyıb. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək bildirib ki, zərərçəkmiş şəxs məxsus darvaza ona 180 manata İlham adlı şəxs tərəfindən satılıb. Tanımadığı şəxslərin köməyi ilə darvazanı avtomobilə yüklənərək evinə aparıb.
Zərərçəkmiş şəxs isə ifadəsində deyib ki, evin və həyətin işığını sayğacdan söndürərək, darvazanı oğurlayıblar. O həmçinin qeyd edib ki, oğurlanmış darvaza ona qaytarılıb və təqsirləndirilən şəxslə barışıb.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.
Aydın
Şərhlər