Xəbər lenti

9 may Parad günündə Kremlə PUA-larla hücum xofu...
Dünya 15:17 30.04.2025

9 may Parad günündə Kremlə PUA-larla hücum xofu...

Son zamanlar Ukrayna müharibəsində iştirak edən tərəflər arasında atəşkəs mövzusu tez-tez gündəm mövzusu olur. ABŞ Prezidenti Donald Trampın 30 günlük atəşkəs təklifi və onun ukraynalı həmkarı Volodimir Zelenskinin müsbət cavabına rəğmən, Rusiya lideri Putin qəti şəkildə bir aylıq atəşkəsə "yox” deyir. 

Amma bununla belə, özünə sərf edən məqamlarda 1 və yaxud 5 günlük atəşkəs elan edir. Bu yaxınlarda Pasxa bayramı münasibətilə Putin bir günlük atəşkəs elan etdi və Zelenskinin də razılığı nəticəsində hər iki tərəfdə Pasxa bayramı atəş səsləri olmadan keçirildi. İndi isə Putin 9 may Hitler üzərində qələbənin 80 illiyi  münasibətilə də atəşkəs elan edib. Kreml elan edib ki, mayın 7-dən 8-nə keçən gecə saat 00:00-dan başlayaraq 11 may saat 00:00-dək-Sovet-Alman müharibəsində Qələbənin 80 illiyi münasibətilə-Rusiya ordusu birtərəfli şəkildə atəşkəsə gedəcək, lakin ehtimal olunan hücumlara "uyğun cavab” vermək hüququnu saxlayacaq. 

Maraqlıdır, Kreml 30 günlük atəşkəsdən imtina edir, amma hansısa mühüm tədbirlər ərəfəsi qısa müddətli atəşkəs təkliflərində bulunur. 

Kreml bu addımlara getməklə bir tərəfdən dünya ictimaiyyətində özü barədə yaranmış mənfi obrazı öz aləmində aradan qaldırmaq istəyir. Bu təkliflərin arxasında guya Kremlin özünün atəşkəsdə, sülhdə maraqlı olduğunu göstərmək niyyəti dayanır. Yəni bununla özlərini təmizə çıxarmağı düşünürlər. Rusiyanın XİN rəhbəri Sergey Lavrov da bəyan edib ki, Vladimir Putinin Qələbə Gününə qədər atəşkəs təklifi Kiyevlə ilkin şərt olmadan birbaşa danışıqların başlanğıcıdır.

Bu isə onun ilkin şərt olmadan birbaşa danışıqlara hazır olduqları barədə bir müddət əvvəl səsləndirdiyi fikrində guya səmimi olduqlarını göstərmək cəhdidir. Belədə demək istəyir ki, əgər Kiyev parad günü atəşkəsi pozsa, ilkin şərtsiz birbaşa danışıqlar da gündəmdən çıxacaq. Bu isə əslində onun əvvəlki təklifindən imtina etməsi anlamına gələcək. Sadəcə, bunun üçün ona bəhanə lazımdır, o da mayın 9-da baş verə də bilər, verməyə də.  

 Ukrayna Prezidenti Zelenski isə Kremlin bu təklifindən sonra səsləndirdiyi videomüraciətində bəyan edib ki, Rusiya onların paradının sual altında olmasından narahatdır və narahat olmaqda haqlıdırlar. Ancaq bu müharibənin davam edəcəyindən narahat olmalıyıq. Onlar müharibəyə son qoymalıdırlar”. 

Moskva paradın sakit şəkildə, insidentsiz keçməsini istəyir. Amma müharibənin davam etdiyi bir şəraitdə paradın keçirildiyi gün və hətta əvvəlki hazırlıq günlərində prosesin baş verəcəyi məkana, yəni Kremlə dronlarla, raketlərlə zərbələr endiriləcəyindən ciddi şəkildə ehtiyatlanır. Qeyd edək ki, həmin parada Rusiyaya bağlı bir çox ölkələrdən müxtəlif ranqlı rəsmilərin gələcəyi də gözlənilir. Belə bir vəziyyətdə qorxur ki, Kremlin həmin günlərdə atəşkəsə məruz qalması qonaq olacaq xarici liderlər arasında Rusiyanın möhtəşəmliyinə, onun təhlükəsiz ölkə olduğuna ciddi şübhələr yaradar. 

Bu olay baş verərsə, ölkə daxili ictimaiyyət arasında da liderin imicinə əsaslı zərbə vurula bilər. Yəni onların arasında Kremli qoruya bilməyən bir şəxsin ölkəni necə qoruyacağı sualı formalaşa bilər ki, Putini də qorxudan məqamlardan biri də məhz budur. Ona görə də Hitler üzərində qələbə paradının təhlükəsiz keçirilməsinə nail olmaq üçün belə bir fənddən istifadə edir. 

Başqa bir tərəfdən, Putin 9 maya görə atəşkəs elan etməklə qabaqdangəlmişlik edir. Belə ki, parad tədbirləri dövründə Kremlin və orada olacaq hərbi birləşmələrin Ukraynadan atılacaq raketlərə, dronlara tuş gəlməsilə, Putin özünün bu günə qədər qarşı tərəfin dinc əhalisinə münasibətdə atdığı addımlara haqq qazandırmaq məqsədi güdə bilər, həm xaric, həm də daxildə. Bu fonda Moskva Kiyevi yırtıcı, vəhşi obraz qismində təqdim etməklə, onu ABŞ Prezidenti Trampın gözündən salmaq niyyətində də ola bilər. 

Rüfət Sultan


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->