Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin avqustunda qətlə yetirilmiş "Amin Mərdəkanski”nin qardaşı Pərviz Xudaverdiyevlə əmisi oğlu Seymur Xudaverdiyevin məhkəməsi davam edir. Bu iş hakim Novruz Kərimovun icraatındadır.
Qaynarinfo-nun verdiyi xəbərə görə, hər iki təqsirləndirilən şəxs 2023-cü ilin noyabrında Şağan qəsəbəsində Cavanşir Abdullayevin "Revolver” tipli tapança ilə qətlə yetirilməsi cinayəti üzrə mühakimə olunur.
Aprelin 30-da davam edən məhkəmədə mərhum Cavanşir Abdullayevin oğlu Nəsimi Abdullazadə şahid qismində dindirilib. O, hakimin və dövlət ittihamçısının suallarına cavab olaraq bildirib ki, 2023-cü il noyabrın 1-də günorta saat 5 radələrində güllə səsinə küçəyə çıxanda atasını yerdə uzanmış vəziyyətdə görüb. Pərvizin əlində silah görəndə əlinə keçən döşəmə taxtası ilə üzərinə gedib. Ancaq Pərviz silahı ona tuşladığına görə qorxaraq geri qayıdıb. Pərviz yerdə uzanıqlı vəziyyətdə olan atasına tərəf sonuncu gülləni onun gözü qarşısında atıb.
Hakim Novruz Kərimov ondan təqsirləndirilən şəxsləri tanıyıb-tanımadığını soruşub. O, bildirib ki, belə adda qohumlarının olduğunu eşitsə də, heç vaxt üzlərini görməyib.
Hakim Novruz Kərimov: Hadisəni görmüsünüz?
Şahid: Bəli. Səsə küçəyə çıxanda gördüm atam yerdə uzanıb. Mən həmin vaxt özümdə deyildim, əlimə nəsə keçdi, götürüb irəli gedəndə gördüm ki, Pərvizin əlində odlu silah var, geri qayıtdım.
Hakim: Niyə geri qayıtdınız?
Şahid: Qorxdum ki, məni də vurarlar.
Sonra şahid dövlət ittihamçısının suallarına cavab olaraq atasının sahibkarlıqla məşğul olduğunu, Buzovna yolunda və Şağanda torpaq sahələri olduğunu deyib. Prokuror bu dəfə təqsirləndirilən şəxs Pərviz Xudaverdiyevə şahidlə bağlı sual verib. Pərviz Xudaverdiyev bildirib ki, Nəsimi Abdullazadəni 10-12 yaşı olanda görüb və üzünü xatırlamır. Suallara cavab olaraq deyib ki, hadisə zamanı Nəsimini oradan uzaqlaşdırmaq üçün qorxutmaq məqsədilə silahı ona tərəf tuşlayıb.
Hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib. Növbəti məhkəmə iclasında dövlət ittihamçısı çıxış edəcək.
Bundan əvvəlki məhkəmə iclaslarında Pərviz Xudaverdiyev deyib ki, Cavanşir Abdullazadəni ailə münaqişələri və onun ailəsinin ünvanına təhqirlər söyləməsi səbəbindən güllələyib.
Qeyd edək ki, bu hadisədən bir neçə ay sonra Cavanşir Abdullayevin oğlu Ruhulla Abdullazadə Mərdəkandakı çimərlikdə kriminal aləmdə "Amin Mərdəkanski” kimi tanınan Amin Xudaverdiyevi başından güllələyərək qətlə yetirib. Bu cinayətə görə mühakimə olunanda bir neçə ay əvvəl Pərviz və Seymur Xudaverdiyevlər tərəfindən qətlə yetirilmiş atasının qisasını aldığını deyib. Qətllərin baş verməsinə səbəb pozulan nikah və tərəflər arasında başlayan mübahisələr olub. Belə ki, qətlə yetirilən Cavanşir Abdullayev və "Amin Mərdəkanski” quda olublar. "Amin Mərdəkanski”nin qızı ilə Ruhulla ailə həyatı qurub, sonradan boşanıblar. Tərəflər arasındakı münasibətlər buna görə korlanıb.
Bu münasibətlərin pozulması nəticəsində Xudaverdiyevlər Cavanşir Abdullayevi öldürüb. Ötən ay Ruhulla Abdullazadə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Esmira Cavadova
Şərhlər