Xəbər lenti

Qlobal Cənub, Çin, Araz və mən
Məqsəd Nur
Ölkə 17:33 30.04.2025

Qlobal Cənub, Çin, Araz və mən

Əvvəlcə Çindən danışım. Qırğızıstanda olarkən (1998) hər kəsin dilində belə bir lətifə dolaşırdı: deməli, Qırğız ordusu Çin sərhədində hərbi təlimlər keçərkən, ehtiyatsızlıqdan bir mərmi gedib Çin ərazisinə düşür. Bunu görən çinli komandir Qırğızıstan tərəfə boylanaraq öz əsgərlərinə əmr verir:
 
-Deməli belə, yoldaşlar, çox kiçik qruplarla hücuma keçəcəyik! Hər bir qrupda 2 milyondan artıq əsgər olmamalıdır!
 
Səhv etmirəmsə, o vaxt Qırğızıstan əhalisi 4 milyondan bir az artıq idi.
 
Lətifə bir yana, amma sonrakı təhlillər göstərdi ki, bir vaxtlar qədim dünyada olduğu kimi, indi də statistika mühüm şərtdir və siyasət hələ də bu tutalqadan yapışıb iş görməyə amadədir.
 
Lakin "çəyirtkə kimi dünyaya yayılmaq" da bir iş deyil: bəzən Keyfiyyətli İnsan faktoru kəmiyyətdən çox-çox üstündür. İndi, Çin məhz bu faktorla üstümüzə gəlir. Biz də onu qəbul etməyə hazırıq. Müstəqillikdən sonra həm birinci Çin axını, həm də qonşu İran axını heç də xoş xatirələrlə yadımızda qalmamışdı. Pezeşkian Şəhriyara istinadən yaxşı dedi: "Ölkəmizdə kim qırıldı, kim qaldı?" Beləcə, birinci axınlardan xeyli zaman keçdi və biz salamat QALDIQ!
 
Dünən, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı ilə, Bakı Konqres Mərkəzində "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün qlobal Cənub QHT-lərinin gücləndirilməsi" adlı tədbirdə iştirak etdim. "YeniSi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İctimai Birliyini təmsil edib fikirlərimi söylədim, Qlobal Cənubdan gələn qonaqları diqqətlə dinlədim. Sual oluna bilər, bu uzun-uzadı ad - "YeniSi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İctimai Birliyi Qlobal Cənub üçün nə edə bilər? Yaxud əksinə?! Düzünü deyim, mən də bu sualı özümə verdim. Cavabları oxucularımla bölüşmək tezdir. Bəlkə də tələsik cavab belədir: "Heç nə!"
 
Amma "heç nə" demək üçün gərək bisavadlığın müəyyən mərhələsində olasan. "Çox yaxşı olacaq" demək də utandırıcıdır, çünkü, Qlobal Cənub, elə Arazın o tayı da daxil olmaqla, od içində yanır. Bir tərəfdən də Qlobal kataklizmlər onları tamam çaşdırıb. Digər bir məsələ tarixin amansız izləridir ki, onları da, bizi də incidə-incidə gedir...
 
Aliou Omarou Nigerdən gəlib. Deyir: "Bizdə qızıl, uranium, neft var. Amma ikili standartlar nəticəsində çox kasıb yaşayırıq.
 
Əhalimizin əsas hissəsi 35 yaşından aşağıdır. Bu isə o deməkdir ki, yaxşı yaşamaq üçün zirək işçi qüvvəmiz var. Biz daha çox radioya qulaq asırıq. Radioya qulaq asıb gəncləri maarifləndirmək üçün Kommunanın resurslarından istifadə edirik. Fransa, o cümlədən, Qlobal Qərb bizə söz haqqı vermək istəmir, dünya dövlətləri ilə müstəqil əməkdaşlıq etmək istəyən kimi mane olurlar. Odur, dünən sizin prezident İran prezidentini qəbul etdi, kimsə ona kimi qəbul edib-etməmək haqqında göstəriş verə bilərmi? Xeyir! Amma biz hansısa bir ölkə ilə əməkdaşlıq etməyə can atsaq, deyəcəklər, sən bununla dostluq etmə, onunla et! Guya bizə kömək etmək istəyirlər, əslində isə, bizi özlərinə tabe etdirməyi, qul kimi işlətməyi güdürlər. Bizdə də sizdə olduğu kimi neft var, amma özümüz bu neftdən istifadə edə bilmirik. Heç sərbəst şəkildə silah da ala bilmirik..."
 
Az qala Aliou Omarounun sözləri ilə yazıma yekun vurub sizi yormayacaqdım. Amma nədənsə Çin yadıma düşdü. Görəsən, uzaq Çindənsə yaxın Araz yaxşı olmazmı? Yox, dedim, hələlik o taya etibar yoxdur. Oranın mollaları bizə tərs-tərs baxdıqca, Şəhriyarın dedikləri də havada qanad çalıb yerə enməli olacaq.
 
Ah, bu siyasət! Amma sonra mədəniyyət gəlir. Ya da əksinə...
 
Məqsəd Nur

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->