Xəbər lenti

Ürək xəstəliklərindən yüz minlərlə ölümün gözlənilməz səbəbi aşkarlandı
Sağlamlıq 14:30 29.04.2025

Ürək xəstəliklərindən yüz minlərlə ölümün gözlənilməz səbəbi aşkarlandı

Adi plastik qablar, qablaşdırmalar, tibbi avadanlıqlar və kosmetika məhsulları ürək sağlamlığı üçün təhlükə yarada bilər. Nyu-York Universitetinin Tibb Fakültəsinin alimləri müəyyən ediblər ki, plastik istehsalında istifadə olunan və ftalatlar adlanan kimyəvi maddələr, 2018-ci ildə 356 mindən çox insanın ürək-damar xəstəliklərindən ölümündə rol oynamış ola bilər. 

Qaynarinfo xəbər verir ki, tədqiqat "EBioMedicine" (EM) jurnalında dərc olunub.

Ftalatlar plastik məmulatları yumşaq və elastik edən maddələrdir. Onlardan biri - di-2-etilheksilftalat (DEHP) - bütün dünyada geniş şəkildə istifadə olunur. Bu maddə orqanizmə qida, dəri və ya nəfəs yolu ilə daxil olur, orada toplanır və aparılan araşdırmalara görə, ürək damarlarında iltihaba səbəb ola bilər. Bu isə öz növbəsində infarkt və insult riskini artırır.

Tədqiqatçılar 200 ölkədə insanların orqanizmindəki DEHP səviyyələrini analiz edərək ölüm statistikasına uyğunlaşdırıblar. Nəticələr göstərib ki, ftalatlar 55-64 yaş arası insanlarda ürək-damar xəstəliklərindən ölüm hallarının 13 faizindən çoxu ilə əlaqəli ola bilər.

Ən yüksək ölüm göstəriciləri Cənubi Asiya, Şərqi Asiya və Yaxın Şərq ölkələrində qeydə alınıb. Hindistan bu sahədə ilk yeri tutur - 103 mindən çox ölüm halı, ardınca Çin və İndoneziya gəlir. Bu, əsasən bu regionlarda plastik istehsalının sürətlə artması və təhlükəsizlik tədbirlərinin zəifliyi ilə izah olunur.

"Ftalatlar gündəlik həyatda geniş istifadə olunur, lakin sağlamlıq üçün real təhlükə yaradır. Məlumatlarımız ilk dəfə olaraq bu kimyəvi maddələrin ürək xəstəliklərinə görə ölüm hallarındakı qlobal miqyasını göstərir", deyə tədqiqatın əsas müəllifi Sara Hayman bildirib. 

Tədqiqat DEHP ilə ürək xəstəlikləri arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etməsə də, nəticələr təhlükəli kimyəvi maddələrin istifadəsinin məhdudlaşdırılması üçün beynəlxalq tədbirlərin zəruriliyini vurğulayır.

"Tənzimləmə tədbirləri gücləndirilməsə, gündəlik mühitin görünməz, lakin dağıdıcı təsirləri nəticəsində həyatlarımızı itirməyə davam edəcəyik", deyə tədqiqatın digər müəllifi Leonardo Trasand bildirib.

Alimlər ftalatların sağlamlığa digər mümkün təsirlərini, o cümlədən vaxtından əvvəl doğuşlara olan təsirini də araşdırmaq üçün işlərini davam etdirməyi planlaşdırırlar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->