Alkoqol istehlakının yalnız qısa müddətli təsirlərlə məhdudlaşmadığı, uzun müddətdə beyin toxumasında qalıcı zədələnmələrə səbəb ola biləcəyi ortaya çıxıb.
Qaynarinfo xəbər verir ki, tədqiqatçılar intensiv alkoqol istifadə edən şəxslərin beyin həcminin daha kiçik olduğunu və idrak testlərində daha aşağı performans göstərdiklərini bildirirlər.
İntensiv alkoqol istehlakı yalnız qaraciyər sağlamlığını deyil, eyni zamanda beyni də ciddi şəkildə təsir edə bilir. San Paulo Universitetinin alimlərinin apardığı araşdırma, uzunmüddətli alkoqol istifadəsinin beyin həcmini kiçiklətdiyini, yaddaş funksiyalarını zəiflədiyini və ömür uzunluğunu azaltdığını göstərir.
"Neurology" jurnalında dərc olunan tədqiqat, alkoqol qəbulu ilə idrak zəifləməsi və erkən ölüm arasındakı əlaqəyə diqqət çəkir.
Tədqiqatçılar təxminən 1800 fərdin beyin otopsiyası nəticələrini analiz edərək bu məlumatları "UK Biobank" tərəfindən təqdim edilən alkoqol istehlakı vərdişləri ilə müqayisə ediblər. İştirakçılar dörd kateqoriyaya bölünüb:
* Heç vaxt içki içməyənlər
* Orta səviyyədə alkoqol qəbul edənlər
* Keçmişdə ağır içki içib, sonradan tərgidənlər
* Ömür boyu intensiv alkoqol istifadə edənlər
Nəticələr intensiv alkoqol qəbulu ilə beyində zədələnmənin baş verdiyini və "hiyalin arterioloskleroz" adlı bir vəziyyəti tətikləndiyini ortaya qoyub. Bu xəstəlik, beynin kiçik qan damarlarının sərtləşməsinə və daralmasına səbəb olur, qan axını azaldır və yaddaşla düşünmə bacarıqlarını mənfi təsirə məruz qoyur.
Alkoqoldan imtina beynə nə qədər faydalıdır?
Tədqiqatın ən diqqətçəkən nəticələrindən biri, ağır içicilərin içkini tərk etmələrinə baxmayaraq beyinlərində qalıcı zədə izləri daşımağa davam etmələri olub. Beyin lezyonları və nevroloji degenerasiya riski, əvvəllər aşırı alkoqol istifadə etmiş şəxslərdə davam edir.
Bundan əlavə, bu şəxslərin Alzheimer və digər demensiya növləri ilə əlaqəli tau protein düyünlərinə sahib olma ehtimalının daha yüksək olduğu müəyyən edilib. Eyni zamanda, intensiv alkoqol istifadə edən şəxslərin beyin həcminin daha kiçik olduğu və idrak testlərində daha zəif performans göstərdiyi müşahidə olunub.
Alkoqol və ömür uzunluğu arasındakı əlaqə
Tədqiqatın ən təsirli nəticələrindən biri də, intensiv alkoqol istifadə edən şəxslərin orta hesabla heç içki içməyənlərə nisbətən 13 il daha az ömür sürmələri olub.
Tədqiqat alkoqolun birbaşa erkən ölümə səbəb olduğunu iddia etməsə də, əldə olunan nəticələr alkoqol istehlakının beyin üzərindəki uzunmüddətli təsirlərinin ciddi xəbərdarlıq xarakteri daşıdığını göstərir. Bundan əlavə, orta səviyyədə olsa belə alkoqol qəbulu zərərli ola biləcəyi fikrini dəstəkləyir.
Əlbəttə, tədqiqatçılar işin bəzi məhdudiyyətlərini də qeyd edirlər. Xüsusilə iştirakçıların nə qədər müddət və hansı intensivlikdə içki qəbul etdiklərini dəqiq müəyyənləşdirmək çətin olub. Yenə də əldə edilən tapıntılar alkoqolun beyin üzərindəki təsirlərinin çox ciddi ola biləcəyini və bu zədələnmənin simptomlar ortaya çıxmadan çox əvvəl başlaya biləcəyini göstərir. Uzunmüddətli sağlamlıq təsirlərini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğu vurğulanır.
Aydın
Şərhlər