Xəbər lenti

Təhlükəli virusun yeni ştammı kruiz gəmilərində xəstəliklərin yayılmasına səbəb olub
Dünya 19:51 29.04.2025

Təhlükəli virusun yeni ştammı kruiz gəmilərində xəstəliklərin yayılmasına səbəb olub

Norovirusun yeni dominant ştammı kruiz gəmilərində mədə-bağırsaq infeksiyalarının artmasına səbəb olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" ABŞ-ın ictimai səhiyyə agentliyinə istinadən yazıb.

Xəstəliklərin qarşısının alınması və nəzarəti mərkəzləri (CDC) qeyd edir ki, quruda müşahidə olunan norovirus yayılması dənizdə də yoluxma hallarına təsir edə bilər.

CDC-nin bəyanatında vurğulanır: "Yeni dominant ştamm hazırda quruda qeydə alınan norovirus partlayışları ilə əlaqələndirilir. Gəmilərdə yoluxma halları adətən quruda müşahidə olunan bu artım dövrünü təqib edir".

CDC-nin məlumatına görə, 2025-ci ildə kruiz gəmilərində qeydə alınmış 16 mədə-bağırsaq xəstəliyi partlayışından 12-si məhz norovirusla əlaqəli olub. Agentlik gəmi ekipajının əl təmizləyici dezinfeksiyaedici maddələrdən həddən artıq asılı olduğunu da müəyyən edib. Halbuki bu maddələr norovirusa qarşı, sabun və su ilə əllərin yuyulması qədər təsirli deyil.

2024-cü ildə CDC kruiz gəmilərində ümumilikdə 18 partlayış qeydə alıb ki, bu da son on ildən artıq müddətdə ən yüksək göstəricidir. Cari ilin ilk beş ayında norovirusa yoluxan sərnişin və heyət üzvlərinin sayı ötən illə müqayisədə artıq daha yüksək ola bilər. Bu il "Holland America", "Viking Expedition", "Seabourn", "Cunard", "Princess Cruises" və "Royal Caribbean" şirkətlərinə məxsus gəmilərdə yoluxma hallarına rast gəlinib.

CDC bildirir ki, ABŞ-da hər il təxminən 2500 norovirus partlayışı baş verir, lakin bunların yalnız kiçik bir hissəsi kruiz gəmilərində müşahidə olunur. Gəmilərdə tətbiq edilən sanitariya proqramına təmizlik və dezinfeksiya prosedurlarının gücləndirilməsi, yoluxmuş sərnişin və heyətin izolyasiyası və əl gigiyenasına riayət olunmasına dair maarifləndirmə tədbirləri daxildir. Tövsiyələrdə qeyd olunur:

"Norovirusun kruiz gəmilərində yayılmasının qarşısını almaq xüsusilə çətindir. Sıx yaşayış sahələri, ümumi yemək məkanları və sərnişinlərin tez-tez dəyişməsi infeksiyanın yayılmasını sürətləndirir. Gəmi limana yan alan zaman virus çirklənmiş qida, su və ya quruda yoluxmuş sərnişin vasitəsilə gəmiyə daxil ola bilər. Ardıcıl səyahətlərdə virusun yenidən baş qaldırması heyət üzvlərinin daşıyıcı olması və ya ətraf mühitin çirklənməsi ilə əlaqələndirilə bilər. Norovirus bəzi səthlərdə günlərlə və ya həftələrlə qala və bir çox dezinfeksiyaedici vasitəyə davamlı ola bilir".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->