ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yüksək vəzifəli əməkdaşı olan anası və İraq müharibəsi veteranı olan atasından gizli şəkildə Rusiya ordusuna qoşulan və Ukraynada döyüşərkən həlak olan amerikalı gəncin taleyi ABŞ-da böyük təəccüb doğurub.
Qaynarinfo xəbər verir ki, 21 yaşlı Maykl Qloss 4 aprel 2024-cü ildə Ukraynanın Donetsk bölgəsində Rusiya tərəfdən döyüşərkən artilleriya atəşi nəticəsində həyatını itirib.
Maykl Qlossun anası Culian Qallina Qloss MKİ-in rəqəmsal innovasiyalar üzrə direktor müavini, atası Lerri Qloss isə 1990-cı ildə "Səhrada tufan" əməliyyatı zamanı İraqda döyüşmüş ABŞ dəniz piyadası olub. Qlossun Rusiya tərəfdən döyüşdüyü barədə məlumat ailəsinin susqunluğu və Rus xəbər portalı "iStoriesin" ötən həftə yayımladığı araşdırmadan sonra üzə çıxıb.
Maykl Qlossun ailəsi oğullarının ölümünü iyun ayında ABŞ Dövlət Departamentindən öyrənib, dekabrda isə qiyabi vida mərasimi təşkil edib. Ailə ölüm elanında onun Rusiya ordusunda olduğunu qeyd etməyərək, "təmiz qəlbi və döyüşçü ruhu ilə 4 aprel 2024-cü ildə Şərqi Avropada faciəli şəkildə həlak oldu və öz qəhrəmanlıq yolunu cızdı" deyə yazıb.
Ata Lerri Qloss "Washington Post" qəzetinə verdiyi açıqlamada bildirib ki, oğlunun Rusiya ilə hərbi əlaqəyə girdiyini ölümündən sonra öyrəniblər:
"Oğlum Rusiya tərəfə keçib. Bizə isə oraya su təmizləmə cihazı hazırlamaq və ehtiyacı olan insanlara kömək etmək məqsədilə getdiyini demişdi. Ən böyük qorxumuz, anasının MKİ-dəki vəzifəsinin Ruslar tərəfindən öyrənilib onun vasitə kimi istifadə olunması idi. Görünür, bunu ediblər. Bu hərəkətini yalnız zehni sağlamlıq problemləri ilə izah edə bilərik".
Zehni sağlamlıq problemləri yaşadığı deyilən Maykl Qloss 2023-cü ildə ABŞ-ın Virciniya ştatındakı evindən ayrılıb, əvvəlcə İtaliyaya işləməyə, daha sonra isə Türkiyədəki zəlzələ bölgələrinə yardıma getmək məqsədilə yola çıxıb. Bildirilir ki, o, 2023-cü ildə baş verən zəlzələlərdən sonra Hataya gedərək yardım işlərinə qatılıb. Sonra Gürcüstan üzərindən Rusiyaya keçib və ailəsinə orada dostları ilə görüşəcəyini deyib. Lakin Rus ordusuna qoşulacağını deməyib. 2023-cü ilin dekabrında Ukraynaya döyüş bölgəsinə göndərilib və orada həlak olub.
MKİ məsələ ilə bağlı açıqlamasında rəsmilərindən birinin oğlunun Ukraynada Rusiya adına döyüşərək ölməsinin "faciəvi şəxsi hadisə" olduğunu bildirib: "Ailə zehni sağlamlıq problemləri ilə mübarizə aparan oğulları Maykl Qlossun 2024-cü ildə Ukraynada döyüşərkən ölməsi ilə inanılmaz bir şəxsi faciə yaşayıb. Bu, milli təhlükəsizlik məsələsi deyil".
Aydın
Şərhlər