"Böyük ehtimalla bu görüşdə İrəvan-Ankara münasibətlərinin tənzimlənməsi məsələsi müzakirə predmeti olub".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistan baş naziri Nikol Paşinyanın Estoniyaya səfəri çərçivəsində Türkiyə və Böyük Britaniya kəşfiyyat liderlərilə də görüşməsi barədə məlumatı şərh edərkən deyib.
Zərdüşt Əlizadə bildirib ki, İbrahim Kalın və Britaniya kəşfiyyatının rəhbəri Riçard Murla bölgəni, Türkiyəni dərindən bilən şəxslərdir:
"Yəqin ki, Tallindəki səfəri çərçivəsində Paşinyan Kalın və Murla görüşdə İrəvanın Türkiyə ilə münasibətlərinin tənzimlənməsini müzakirə ediblər. Ola bilsin, həm də onların bildiyi, bizim isə bilmədiyimiz hansısa kəşfiyyat məsələlərini də müzakirə ediblər. Bu da yaxşı xəbərdir. Azərbaycan üçün də müsbət xəbərdir. Adətən kəşfiyyat rəhbərləri məlumat ötürür və alırlar. Lakin onlar qərar vermək səlahiyyətinə malik deyillər. Hətta siyasi səciyyəli hansısa bir məsələ müzakirə olunsa belə, kəşfiyyat rəhbərləri sadəcə olaraq öz siyasi rəhbərlərinin rəyini bildirə bilərlər".
Qeyd edək ki, hazırda Estoniyada rəsmi səfərdə olduğu bildirilən Ermənistanın baş naziri Nikol Paşinyan Tallində iki ölkənin kəşfiyyat lideri ilə gizli görüş keçirir. Belə bir iddia ilə "Hayeli Armenia" və bir neçə "Telegram" kanalı çıxış edib.
Məlumata görə, Paşinyan Tallindəki "Radisson" otelinin qapalı zalında Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın və Britaniya kəşfiyyatının rəhbəri Riçard Murla gizli görüş keçirib. Müzakirənin təxminən yarım saatdır davam etdiyi bildirilir. Görüşün detalları ilə bağlı heç bir məlumat yoxdur. Rəsmi İrəvan görüşlə bağlı iddialara münasibət bildirməyib.
Rüfət Sultan
Şərhlər