"Tramp Ukrayna ilə bundan sonrakı münasibətləri Zelenski ilə deyil, başqa bir şəxslə inkişaf etdirmək istəyir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putin vəziyyəti gərginləşdirəcəyi halda, Ukrayna prezidenti Volodimir Zelenskinin olmaması şərtilə qeyd-şərtsiz Ukraynanın tərəfini tuta biləcəyilə bağlı fikirlərinin ciddiliyini şərh edərkən deyib.
"ABŞ prezidentinin ikinci dəfə hakimiyyətdə olduğu qısa müddətdə dəfələrlə ziddiyyətli bəyanatlar verib. O həqiqətən bu gün dediyini sabah təkzib edə və ya tamamilə əks bəyanat verə bilər. Bu da onun bu və ya digər məsələ barədə ciddi düşünmədiyini ortaya qoyur. Rusiya-Ukrayna müharibəsi ətrafında, Putin və ya Zelenski barədə dedikləri də bu qəbildəndir. Tramp gah Putin və Rusiyanı, gah da Zelenski və Ukraynanı müdafiə edir", deyə Əlimusa İbrahimov bildirib.
Bu isə ekspertə görə, o anlama gəlir ki, ABŞ prezidentinin Rusiya-Ukrayna müharibəsini ciddi cəhdlə bitirməyə çalışmasına baxmayaraq, həmin məsələdə müəyyən strategiyaya malik deyil:
"Məhz buna görə də atəşkəs əldə olunana qədər Trampın bu tipli ziddiyyətli bəyanatlarını eşidəcəyik. ABŞ prezidentinin vasitəçilikdən imtina edəcəyi də istisna olunmamamlıdır. Çünki onun da səbri hüdudsuz deyil. Günlərin birində etdiyi cəhdlərin boşa çıxdığını görən Tramp vasitəçilikdən imtina edə bilər".
Politoloq düşünür ki, Tramp Rusiyanın danışıqlara mane olduğunu anlayarsa, heç şübhəsiz Ukraynaya yardımları bərpa edəcək:
"Amma bu yardım əvvəlki səviyyədə olmaya da bilər. Ukraynaya yeni yardım paketləri onun ödəmə qabiliyyətinə uyğun olaraq həyata keçiriləcək. Yəni Tramp göndərdiyi silahların ödəmə mənbəyini dəqiq müəyyənləşdirdikdən sonra bu işə razılıq verə bilər".
Zelenski ilə Tramp arasındakı gərginliyə gəlincə, həmsöhbətimiz qeyd edir ki, ABŞ prezidenti Ukrayna ilə bundan sonrakı münasibətləri Zelenski ilə deyil, başqa bir şəxslə inkişaf etdirmək istəyir:
"Çünki Ukraynanın hazırki prezidenti Trampın istəklərinə - irəli sürdüyü layihələrə olumlu cavab vermir. Ona görə ki, Ukraynanın maraqları Zelenski üçün Trampın istəklərindən daha üstündür".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp "The Atlantic" jurnalına müsahibəsində Rusiya prezidenti Vladimir Putinə və Ukrayna lideri Volodimir Zelenskiyə münasibətindən bəhs edərkən ehtimal edib ki, Putin vəziyyəti o həddə gətirə bilər ki, o, qeyd-şərtsiz Ukraynanın tərəfini tutsun, lakin burada bir mühüm detal var:
"Ola bilər ki, Ukraynanın tərəfində olum, bəli. Amma bu, mütləq Zelenskinin tərəfində olmaq demək deyil" deyə Tramp əlavə edib və Oval kabinetdə yaşanan mübahisəni nəzərdə tutaraq, Zelenski ilə müəyyən çətinlikləri olduğunu bildirib.
Rüfət Sultan
Şərhlər