Xəbər lenti

Tramp
Dünya 12:25 29.04.2025

Tramp "The Atlantic"ə danışdı: "Putin vəziyyəti o həddə gətirə bilər ki…"

ABŞ Prezidenti Donald Tramp "The Atlantic” jurnalına müsahibəsində Rusiya prezidenti Vladimir Putinə və Ukrayna lideri Vladimir Zelenskiyə münasibətindən bəhs edib, həmçinin ABŞ-ın Ukraynanı qeyd-şərtsiz dəstəkləyə biləcəyi bir senarinin mümkün olub-olmadığına dair suala cavab verib.

Qaynarinfo xəbər verir ki, Tramp, Vladimir Putinin Ukrayna ilə sülh danışıqlarında "özünü normal aparacağını” bildirib.
 
O, həmçinin vurğulayıb: "Ukrayna və Rusiya — bu, bizim həyatımız deyil, amma bu, Üçüncü Dünya müharibəsi ilə nəticələnə bilər”.

ABŞ-ın Ukraynanın ərazi bütövlüyünü qorumaq üçün ona hərbi dəstəyi əhəmiyyətli dərəcədə artırması ehtimalı ilə bağlı suala Tramp qeyri-müəyyən cavab verərək bildirib ki, bu, mütləq silah anlamına gəlmir:

"Silahın çox növləri var. Mütləq deyil ki, gülləli silah olsun. Bu, sanksiyalar silahı ola bilər. Bu, bank sektoru ilə bağlı silah ola bilər. Bu, başqa bir çox şeylər də ola bilər”, — deyə Tramp qeyd edib.

O, həmçinin ehtimal edib ki, Putin vəziyyəti o həddə gətirə bilər ki, Tramp qeyd-şərtsiz Ukraynanın tərəfini tutsun, lakin burada bir mühüm detal var.

"Ola bilər ki, Ukraynanın tərəfində olum, bəli. Amma bu, mütləq Zelenskinin tərəfində olmaq demək deyil”, — deyə Tramp əlavə edib və Oval kabinetdə yaşanan mübahisəni nəzərdə tutaraq, Zelenski ilə müəyyən çətinlikləri olduğunu bildirib.

Daha əvvəl Ağ Ev Rusiya prezidenti Vladimir Putinin 9 May üçün elan etdiyi müvəqqəti atəşkəsi şərh etmişdi. Ağ Evin mətbuat katibi bildirmişdi ki, Tramp həm Putin, həm də Ukrayna prezidenti Zelenski ilə bağlı getdikcə daha çox məyusluq hissi keçirir və münaqişəyə son qoymaq üçün hər iki tərəf danışıqlar masasına oturmalıdır.

Bundan başqa, Tramp Vatikan görüşündə Ukrayna prezidenti Zelenski ilə nədən danışdıqlarını da açıqlayıb. Onun sözlərinə görə, Zelenski daha "sakit” və müharibənin dayandırılması ilə bağlı razılaşma əldə olunmasında maraqlı görünürdü. ABŞ prezidenti bu görüşü "mükəmməl” adlandırıb və Zelenski ilə münasibətlərinin heç vaxt pis olmadığını, Ağ Evdəki mübahisənin isə "yalnız kiçik bir maneə” olduğunu söyləyib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->