Xəbər lenti

Tramp Krımı Rusiya kimi tanısa, nəticə nə olacaq? - Klimkin proqnozlaşdırdı
Dünya 15:50 29.04.2025

Tramp Krımı Rusiya kimi tanısa, nəticə nə olacaq? - Klimkin proqnozlaşdırdı

ABŞ-ın Krımı Rusiya ərazisi kimi tanıması dünya tarixində ən böyük "yenidən yüklənmə”nin başlanğıcı ola bilər. 

Qaynarinfo xəbər veir ki, bunu 2014–2019-cu illərdə Ukraynanın xarici işlər naziri olmuş Pavel Klimkin "Ukrayna Radiosu”na müsahibəsində deyib.

Onun sözlərinə görə, Krımın işğalının tanınması "nə geosiyasi, nə hüquqi, nə də emosional cəhətdən Ukrayna üçün qəbulediləndir” və bu addım "son 80 ilin dünya tarixində ən kədərli nümunəsi” olacaq, çünki "bütün Avropa və dünya üçün ağlasığmaz problemlərə” yol aça bilər.

"Tramp bu addımı ilə Qərbi iki hissəyə ayıracaq: prinsiplərə sadiq qalanlar və onları vecinə almayanlar. Trampdan – o adamdan ki, Qrenlandiyanı bəyəndiyini deyir və bəlkə bir gün Kanadanı da "qucaqlamaq” istəyər – nəsə gözləməyə dəyməz. Amma Krımın işğalının tanınması dünyada ən güclü geosiyasi silkələnmənin təkan nöqtəsi ola bilər”, – deyə Klimkin bildirib.

O, vurğulayıb ki, hətta Rusiyaya yardım edən Çin belə Krımın işğalını tanımayıb və tanımaq fikrində deyil.

"Sadəcə təsəvvür edin, Tramp yenə bir fərman imzalayır və Krımın işğalını tanıyır. O halda biz belə ABŞ-la və belə bir Trampla nə edəcəyik? Təcili diplomatik əlaqələri kəsək? Bizə amerikalılar lazımdır, amma belə bir addım ABŞ-ın fundamental zəifliyinin göstəricisi olacaq. İndi Trampa bu məsələnin mahiyyətini başa salmağa çalışırlar. Görək yaxın vaxtlarda nə olacaq”, – deyə Klimkin əlavə edib.

Keçmiş nazirin fikrincə, ABŞ Ukraynaya kəşfiyyat məlumatları və silah ötürülməsini dayandıra bilər, çünki "bu, Vaşinqtonun təkcə bizə deyil, başqa tərəflərə qarşı da istifadə etdiyi təzyiq vasitəsidir”. O, oxşar vəziyyətin vaxtilə Əfqanıstanla da yaşandığını xatırladıb.

"Sabit atəşkəs barədə danışmaq üçün birinci növbədə bu suala cavab verilməlidir: amerikalılar bizə dəstəyi necə davam etdirəcəklər? Avropalılarla birlikdə bu dəstəyi necə koordinasiya edəcəklər? Bu, təhlükəsizlik sahəsində əməkdaşlığımızın əsas məsələsidir. Mənim başa düşdüyüm qədərilə, Tramp bu məsələyə açıqdır”, – deyə Klimkin bildirib.

ABŞ-ın Ukraynaya silah yardımını donasiya kimi verməyə hazır olmaması onun üçün "xoşagəlməz” olsa da, Klimkin "bunun öhdəsindən gələ bilərik” deyib.

"Bu, mənim üçün sadəcə ‘qırmızı xətt’ deyil, bu, heç vaxt qəbul edə bilməyəcəyimiz bir şeydir. Bizim Müdafiə Qüvvələrimiz elə olmalıdır ki, biz onu necə istəyiriksə, elə də formalaşdıraq və tərəfdaşlarımızdan da buna uyğun dəstək gözləyirik. Bu, təhlükəsizlik zəmanəti olmasa da, Putini cilovlamağın zəruri vasitəsidir. Bu isə ən vacib məsələdir”, – deyə sabiq nazir vurğulayıb.

Daha əvvəl UNIAN qeyd edib ki, ABŞ sülh prosesinin tərkib hissəsi kimi işğal olunmuş Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır. Bloomberg-in məlumatına görə, bu mümkün güzəşt prezident Trampın atəşkəs razılaşması əldə etməyə çalışmasının bir göstəricisidir. Bildirilir ki, Tramp və dövlət katibi Marko Rubio, əgər prosesdə irəliləyiş olmayacaqsa, ABŞ-ın vasitəçilik səylərindən imtina edəcəyini bildiriblər.

Sonradan Tramp TIME jurnalına müsahibəsində bildirib: "Düşünürəm ki, müharibə onlar NATO-ya üzv olmaqdan danışmağa başlayanda başladı. Krım Rusiyanın olacaq”.

Kreml isə Trampın "Krım Rusiyadır” bəyanatına reaksiya verərək bildirib ki, ABŞ prezidentinin Ukrayna müharibəsi ilə bağlı yanaşması Moskvanın mövqeyi ilə üst-üstə düşür. "Mən Trampın yox, Putinin mətbuat katibiyəm. Amma doğrudan da, onun fikirləri bizim mövqeyimizlə çox oxşardır”, – deyə Dmitri Peskov vurğulayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->