"Bu məsələdə müharibə qərarı vermək sıradan bir qərar deyil, böyük bir məsuliyyətdir. Ona görə də müharibənin olmayacağını düşünürəm".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Pakistanın müdafiə nazirinin yaxın 2-4 gündə Hindistanla müharibə təhlükəsinin real olacağı ehtimalı ilə bağlı proqnozunu şərh edərkən deyib.
Ekspert qeyd edir ki, Pakistanla Hindistan arasında müharibənin olmasını istəyən qüvvələr var:
"Onlar regiondan kənarda, eyni zamanda, Hindistanın özündə də mövcuddur. Hindistan bilavasitə bu oyunun içərisindədir. Bu ölkədə törədilən terror hadisəsilə bağlı konkret təsdiqlənmiş faktlar ortalıqda yoxdur. Hadisəni araşdırmaq üçün Pakistanın beynəlxalq səviyyədə etimad olunacaq kommisiyanın yaradılması təklifi də hələlik havada qalıb".
Politoloqun fikrincə, bütün bunlar onu göstərir ki, ortada böyük bir oyun və bəzi proseslərdə Pakistanın mövqeyinin dəyişməsini istəyən qüvvələr var:
"Yəni sözügedən qarşıdurma görüntüsü də bir növ Pakistana təzyiq xarakteri daşıyır".
Həmsöhbətimizə görə, Pakistan rəsmisinin müharibənin başlanması ehtimalı ilə bağlı açıqlamasına gəlincə, bu, daha çox təkcə Hindistana xəbərdarlıq deyil, həm də oyunu quran qlobal güclərə verilən mesajdır:
"Həmçinin, mesaj çəkindirici xarakter daşıyır. Pakistan nüvə ölkəsidir. Digər tərəfdən, Türkiyənin 6 hərbi təyyarəsinin Pakistan hərbi bazasına silah daşıması faktı da İslamabadın tək olmadığı barədə oyunu quranlara, onların havadarlarına verilən ciddi mesajdır. Bu məsələdə müharibə qərarı vermək sıradan bir qərar deyil, böyük bir məsuliyyətdir. Ona görə də müharibənin olmayacağını düşünürəm. Ancaq Pakistana təzyiq xarakterli davranışlar davam edir. Pakistanın su problemində mühüm rol oynayan Hindistandan gələn çayın axınının dayandırılması təzyiqləri edilib. Pakistan diplomatları Hindistandan qovulub. Bu da bilavasitə Yaxın Şərqdə baş verən hadisələrlə bağlıdır".
Natiq Miri Pakistana yönəlik bu təzyiqlərin keçərli olacağını düşünmür:
"Türkiyənin dəstəyi də dolayısı ilə onunla əlaqədardır ki, Pakistan öz mövqeyində sona qədər duruş gətirsin".
Qeyd edək ki, yaşanan son gərginlik fonunda Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif Hindistanla yaxın 2-4 gün ərzində müharibə təhlükəsinin olduğu qənaətinə gəlib. Bu barədə Pakistanın "Dawn” qəzeti məlumat yayıb.
"Biz üfüqdə müharibənin yaxınlaşdığı faktına zehni olaraq hazır olmalıyıq. Bir ehtimal var, çox real bir ehtimal var ki, müharibə yaxın iki, üç və ya dörd gündə başlaya bilər", deyə o qeyd edib.
Nazir onun açıqlamasının yaxın günlərdə müharibənin başlayacağına dair inamlı proqnoz kimi qəbul edilməməsi lazım olduğuna aydınlıq gətirərək, yalnız qarşıdakı günlərin həlledici olacağını nəzərdə tutduğunu izah edib:
"Pakistan ölkənin suverenliyinə təhlükə yaranarsa və ya ona hərbi embarqo qoyularsa, istənilən hərbi əməliyyata 100% hazırdır".
Rüfət Sultan
Şərhlər