Xəbər lenti

Sünbülqıranlar ABŞ-şəhərini
Dünya 00:48 19.07.2025

Sünbülqıranlar ABŞ-şəhərini "işğal" edib, sakinlərin həyatına mane olur

ABŞ-ın Şimali Dakota ştatında yerləşən və əhalisi təxminən 50 min nəfər olan Maynot şəhərində sünbülqıranlar artıq nadir qonaqlar deyil, əsl fəlakətə çevriliblər. 

Qaynarinfo "HuffPost"a istinadən xəbər verir ki, bu kiçik gəmiricilər son 20 ildə şəhər ərazisində böyük sürətlə yayılıb və infrastruktur üçün ciddi təhlükə yaratmağa başlayıblar.

Sünbülqıranlar boş sahələrdən tutmuş şəhər mərkəzinə qədər hər yerdə yuvalar qazaraq, yolları, səkiləri və yaşıllıqları dağıdır, həm də insanların sağlamlığı üçün təhlükə yaradırlar. Maynot Yol İdarəsinin rəhbəri Kevin Braaten bildirib ki, şəhərdəki sünbülqıranların sayı artıq əhalinin sayı ilə eyni səviyyəyə çatıb, hətta onu keçmiş ola bilər.

Zərərvericilərlə mübarizə mütəxəssisi Coşua Herman isə vəziyyəti belə təsvir edib: "Əgər mən onları tutsam, amma qonşum bunu etməsə, uzunmüddətli nəticə əldə edə bilmərik. Bu, sanki təkbaşına fırtınaya qarşı durmağa çalışmaq kimidir".

Mütəxəssislər xəbərdarlıq edirlər ki, sünbülqıranlar göründüyü qədər "şirin" heyvanlar deyil. Onlar:

* Səki və yolları dağıdırlar
* Qazonlarda təhlükəli boşluqlar yaradırlar
* Gizli yuvalar səbəbindən insanların yıxılma riskini artırırlar
* Bəzi hallarda xəstəlik daşıyıcısı olan bitləri yayırlar

Problemi daha da çətinləşdirən amil sünbülqıranların çox sürətli artmasıdır. Üstəlik, şəhər mühitində onların təbiətdəki düşmənləri — çaqqallar, porsuq, bayquş və ya ilanlar — demək olar ki, yoxdur. Hətta biçilmiş qazonlar və baxımlı həyətlər, bu gəmiricilər üçün ideal yaşayış yeri sayılır.

Rəsmilər etiraf edirlər ki, sünbülqıranı tamamilə yox etmək mümkün deyil, çünki bu heyvanlar əsrlərdir bölgənin çöllərində yaşayıb. Amma şəhərin məqsədi tam məhvetmə deyil, onların sayını idarəolunan səviyyəyə endirməkdir.

Qeyd edək ki, sünbülqıran sincablar fəsiləsindən gəmiriçi heyvan cinsidir. Bədəninin uzunluğu 20-40 sm, quyruğu, adətən bədəninin yarısının uzunluğundan qısa olur. Açıq-qum rəngində, tünd-qonurumtul-boz rəngdədir. Şimal yarımkürəsinin düzənlik, tundra və dağların açıq landşaftında məskən salır. Dünyada 20 növü var. Gündüz həyatı keçirir. Qış yuxusuna gedir. Əsasən, koloniyalarla yaşayır. Təhlükə hiss etdikdə dayanır və özünə xas olan fitəbənzər səslər çıxarır. Bitki ilə qidalanır - toxum ehtiyatı toplayır. İldə 1 dəfə çoxalır, 5-8 bala doğur. Sünbülqıranlar taxılların təhlükəli zərərveriçisidir, bir sıra xəstəliklərin təbii daşıyıcısıdır. İri növləri xəz sənayesi obyektidir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->