Alimlər gen mühəndisliyi texnologiyalarından istifadəni təklif edirlər – bu texnologiyalar artıq kənd təsərrüfatında və nəsli kəsilmiş heyvanların "dirildilməsi" layihələrində tətbiq edilir – genetik müxtəlifliyin bərpası və yox olmaq üzrə olan növlərin qorunması məqsədilə.
Qaynarinfo xəbər verir ki, tədqiqat "Nature Reviews Biodiversity" jurnalında dərc olunub.
Məqalənin müəllifləri – Şərqi İngiltərə Universiteti, Kopenhagen Universiteti, "Colossal" fondu və digər təşkilatların beynəlxalq mütəxəssis komandası – bildirirlər ki, iqlim dəyişikliyinin sürətlənməsi və yaşayış mühitinin dağılması şəraitində bir çox növlər uyğunlaşma üçün həyati əhəmiyyət daşıyan genetik dəyişkənliyi itirir. Populyasiyanın sayını bərpa etmək mümkün olsa belə, genetik itkilər qalır və bu da növü gələcəkdə yenidən yox olma təhlükəsi ilə üz-üzə qoya bilər.
Buna parlaq nümunə Mavriki adasındakı çəhrayı göyərçindir. Onilliklərlə davam edən nəzarət altında çoxaldılma səyləri nəticəsində bu quşların sayı 10 fərddən 600-ə çatdırılıb. Lakin bu uğura baxmayaraq, genom analizləri göstərib ki, növ hələ də "genom eroziyası"ndan – faydalı genlərin çatışmazlığı və zərərli mutasiyaların yığılması – əziyyət çəkir. Əgər müdaxilə edilməzsə, bu quş növü növbəti 50–100 il ərzində yenidən yox ola bilər. Gen mühəndisliyi isə muzey kolleksiyalarından götürülmüş qədim DNT nümunələrini əsas götürərək itirilmiş dəyişkənliyi bərpa edə bilər.
Artıq quraqlığa və ziyanvericilərə davamlı kənd təsərrüfatı bitkilərinin yaradılmasında effektivliyi sübuta yetirilmiş bu texnologiya vəhşi təbiətə də uyğunlaşdırıla bilər. Alimlər üç əsas istiqamət təklif edirlər:
* itirilmiş genetik müxtəlifliyin bərpası;
* yaxın növlərdən faydalı genlərin – məsələn, istiyə və ya xəstəliklərə davamlılıq genlərinin – əlavə edilməsi;
* zərərli mutasiyaların sağlam gen versiyaları ilə əvəz olunması.
Lakin müəlliflər vurğulayırlar ki, istənilən müdaxilələr ehtiyatla aparılmalıdır. Gen mühəndisliyi təbiəti qorumağın klassik üsullarının əvəzi deyil, onu tamamlayan bir alət ola bilər. Bu yanaşma mərhələli sınaqları, uzunmüddətli monitorinqi və yerli icmaların qərarvermədə iştirakını tələb edir.
"Kimsəyə möcüzəvi bir həll təklif etmirik. Amma bizdə bu sahədə klassik qoruma metodlarını qabaqcıl texnologiyalarla birləşdirən yeni yanaşmanın bir hissəsi ola biləcək alətlər var", deyə müəlliflərdən biri, Kopenhagen Universitetindən professor Hernan Morales qeyd edib.
Aydın
Şərhlər