Qadınlar daha çox cəlbedici simaya sahib kişilərin təkliflərini qəbul edirlər – belə nəticəyə çinli alimlər gəlib. Araşdırma göstərib ki, sosial qarşılıqlı münasibətlər zamanı zahiri görünüş və simpatiya bəzən məntiqi hesablamaları üstələyə bilər.
Qaynarinfo xəbər verir ki, tədqiqat "Behavioral Sciences" (BS) jurnalında dərc olunub.
Çin universitetlərindən birindən olan 70 tələbə qızın iştirak etdiyi iki iqtisadi eksperimentdə virtual kişi personajlar zahiri görünüşünə, səsinə və simpatiya səviyyəsinə görə fərqləndirilmişdi. Bəziləri iştirakçılara onlara simpatiya bəslədiklərini bildirirdi, digərləri isə əksinə.
"Ultimatum oyunu"nda qadınlar kişilər tərəfindən təklif olunan məbləğin bölüşdürülmə formasını – özləri, təklif verən şəxs və üçüncü tərəf arasında – ya qəbul etməli, ya da rədd etməli idilər. "Cəza oyunu"nda isə onlar üçüncü bir şəxsin pul bölgüsünü müşahidə edir və bunun nə dərəcədə ədalətli olduğunu, eləcə də cəza verilməsinin gərəkli olub-olmadığını qiymətləndirirdilər.
Nəticələr göstərib ki, zahirən cəlbedici və ya xoş səsli kişilərdən gələn təkliflər, ədalətsiz olsa belə, daha tez-tez qəbul olunurdu. Cəza oyununda isə simpatiya doğuran kişilərdən gələn ədalətli təkliflər daha ağıllı qərar kimi qiymətləndirilirdi. Əgər belə kişi eqoist davranırdısa, bu ziddiyyət daha sərt reaksiya doğururdu və neqativ qarşılanırdı.
Maraqlıdır ki, görünüş amilinin təsiri səs amilindən daha güclü olub. Lakin müəlliflər qeyd edirlər ki, bu nəticələr kontekstdən asılıdır və real həyatda fərqli nəticələr mümkün ola bilər.
Aydın
Şərhlər