2022-ci ildə kino dünyasının yaşayan əfsanələrindən biri haqqında üzücü bir xəbər yayıldı: Brüs Uillis aktyorluq karyerasını dayandırmağa məcbur qalmışdı. Buna səbəb isə koqnitiv pozuntu ilə müşahidə olunan afaziya diaqnozu idi. Qısa müddət sonra isə onun frontotemporal demensiya xəstəliyinə tutulduğu açıqlandı – bu da yaddaşın və davranışların sürətlə zəifləməsi ilə müşayiət olunan ağır bir nevroloji pozuntudur.
Artıq özünün aktyor olduğunu belə xatırlamır
Qaynarinfo xəbər verir ki, son məlumatlara görə, Brüs Uillis artıq keçmişdə aksiyon filmlərində ulduz kimi parladığını, məşhur aktyor olduğunu belə xatırlamır. 70 yaşlı aktyorun yaxın dostu və "Moonlighting" ("Mavi Ay") serialının yaradıcısı Qlenn Qordon Karon bildirib ki, Uillis artıq küçədə niyə insanların onun şəklini çəkdiyini başa düşmür.
Oxumağı dayandırıb, danışığı azalıb
Karon həmçinin bildirib ki, Uillis əvvəllər çox oxuyan biri olsa da, indi kitablara marağını tam itirib. Demək olar ki, artıq danışmır. Halbuki uşaqlıqdan bəri kəkələmə problemi olan aktyor bu çətinliyə baxmayaraq, karyerası boyunca çıxış edib.
Uillisin ailəsi – həyat yoldaşı Emma Heminq, keçmiş həyat yoldaşı Demi Mur və hər iki evlilikdən olan beş qızı – onu sevgi və qayğı ilə əhatə etsələr də, bu böyük dəstək belə xəstəliyin gedişatını dayandırmağa kifayət etmir.
Replikləri qulaqlıqla ötürülürdü
Uillisin hafizə problemi artıq film setlərində də hiss olunmağa başlamışdı. O, diyaloqları yadda saxlaya bilmirdi. Aktyorun həyat yoldaşı Emma Heminq bu barədə tezliklə nəşr olunacaq "The Unexpected Journey” adlı kitabında ətraflı danışır. Həmin kitabda bildirilir ki, Uillis repliklərini eşidərək səsləndirə bilmək üçün qulaqlıq vasitəsilə özünə ötürülməsini istəyib. Eyni zamanda, onun diyaloqları da minimuma endirilib.
Qızları dəyişimi ilk hiss edənlər oldu
Uşaqlıqdan bəri kəkələmə ilə mübarizə aparan Uillisin danışıq tempi həmişə yavaş olub. Bu səbəbdən, replikləri qulaqlıqla səsləndirməsi çəkiliş zamanı diqqət çəkməyib. Lakin bu hal xəstəliyin simptomlarını maskalayıb. Onun həyat yoldaşı Emma Heminq və qızları Mabel və Evelyn, dəyişiklikləri ilk hiss edənlər olublar. Daha sonra aparılan tibbi yoxlamalar nəticəsində frontotemporal demensiya diaqnozu təsdiqlənib.
Məcburi təqaüd və çarəsizlik
Uillis xəstəliyin simptomlarına baxmayaraq 2022–2023-cü illərdə "Detective Knight” və "Assassin” filmlərində çəkilməyə davam edib. Lakin bütün səylərinə baxmayaraq, məcburi təqaüdə çıxmaqdan qurtula bilməyib.
Aydın
Şərhlər