Xəbər lenti

Sel və daşqınların vurduğu zərəri minimuma endirmək olarmı?
Ölkə 19:52 24.04.2025

Sel və daşqınların vurduğu zərəri minimuma endirmək olarmı?

"Güclü yağışlardan sonra çayların məcrasından çıxması, istiqamətini dəyişməsi, dəniz səviyyəsinin qalxması sel və daşqınlara səbəb olur".

Bunu Qaynarinfo-ya açıqlamasında "Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, ekoloq Elman Cəfərli son günlər Kür çayında suyun səviyyəsinin sürətlə qalxmasının səbəblərindən danışarkən deyib. 

O bildirib ki, daşqınlar və subasmalar qəfil və intensiv yağıntılar nəticəsində baş verir:

"Sel və daşqınlar tək ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində böyük itkilərə və tələfatlara yol açır. Daşqınlar bəzən insan tələfatına da səbəb olur. Daha çox isə yol infrastrukturu, dəmir yolları, hava limanları, elektrik xətləri, su yolları və kanalizasiya sistemləri ziyan çəkir".



Ekoloq hesab edir ki, sel və daşqınların təbii hadisə olduğundan onu proqnozlaşdırmaq mümkün olmur:

"Son illər yağıntıların normadan artıq düşməsi iri çaylarda, xüsusən Kür çayında daşqınlara səbəb olur. Ötən ilin payız aylarında Tovuzda belə bir sel yaranmışdı. Kür məcrasından 2 kilometrə qədər kənara çıxmış və bu, ciddi fəsadlara səbəb olmuşdu. Çayətrafındakı əkin sahələri, biçənəklər, otlaq sahələri, bağlar su altında qalıb".

Elman Cəfərli sel və daşqınların ekosisetmə ciddi ziyan vurduğunu əlavə edib:

"Sel və daşqınlar torpağın eroziyasına yol açır. Daşqın və subasmaların qarşısını almaq üçün önləyici tədbirlər görməkdə fayda var. Təbii ki, hər hansı tədbirlə təbii fəlakətin qarşısını tam almaq olmur. Amma daşqınların daha az zərər verməsinə nail olmaq olar. Bunun üçün müntəzəm sahilbərkitmə tədbirlərinin həyata keçirilməsi - torpaq, beton bəndlərin salınması yaxşı olardı. Daşqınlara məruz qalmış ərazilərdə eroziya prosesini zəiflətmək və onun qarşısını almaq məqsədilə meşələr salmaq, ağaclar əkmək və müvafiq kənd təsərrüfatı bitkiləri yetişdirmək lazımdır”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->