Xəbər lenti

Əvəz Zeynallı həbsdə qaldı - Son sözü Tibb Baş İdarəsi deyəcək
Ölkə 16:17 24.04.2025

Əvəz Zeynallı həbsdə qaldı - Son sözü Tibb Baş İdarəsi deyəcək

Əvəz Zeynallının səhhətinin ağırlaşması səbəbindən onun vəkilləri Nizami rayon Məhkəməsinə müraciət ediblər. 

Qaynarinfo xəbər verir ki, arelin 24-də hakim Nigar Qədirli jurnalistin xəstəliyi ilə əlaqədar cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə dair vəkillərin verdiyi vəsatətə baxıb. 

Bir müddətdir ki, Əvəz Zeynallının ailə üzvləri ona xərçəng diaqnozu qoyulduğunu bildirirlər.  

Əvəz Zeynallı məhkəmə iclasında iştirak etməyib. İclasa saxlanıldığı cəzaçəkmə müəssisəsindən onlayn şəkildə qoşulub. Vəkillərinin vəsatətini dəstəkləyib: "Vəziyyətim düşünüləndən də ağırdır. Mənimçün indi hər saatın, hər dəqiqənin ağır bir hökmü var".

Vəkilləri Rəşad Vaqifoğlu və Fəxrəddin Mehdiyev məhkəməyə Milli Onkologiya Mərkəzinin və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi həkimlərinin təqdim etdiyi sənədləri təqdim ediblər. Hakim müraciəti dinlədikdən sonra bildirib ki, Əvəz Zeynallının xəstəliyinin tibbi şəhadətləndirilməsi vacibdir. Bununla əlaqədar müşavirəyə gedən hakim Əvəz Zeynallının Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb orada tibbi şəhadətləndirilməsi barədə qərarını elan edib.  

Qərara əsasən, Əvəz Zeynallının tibbi ekspertizadan keçirilməsi üçün 1 ay vaxt verilib. Onun xəstəliyi ilə əlaqədar azadlığa buraxılması barədə müraciətə müvafiq şəhadətnamə veriləndən sonra baxılacaq. 

Qeyd edək ki, bir qədər əvvəl Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.
 
Əvəz Zeynallı dələduzluqda və rüşvət almaqda təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 9 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə bu cəzanın üzərindən 2 ay götürüb. 2 il 8 aydır ki, həbsdə olan Zeynallının ailə üzvləri onun səhhətinin günbəgün ağırlaşması ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edib.

Esmira Cavadova

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->