"Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında deyib ki, 15 yaşlı uşaqların əmək müqaviləsi bağlaya bilməməsi praktikada problemlər yaradır. O, təklif edib ki, Konstitusiyaya dəyişiklik edilərsə, bəzi məsələlər aradan qaldırılmalıdır.
"Sənədə əsasən, 15 yaşlı uşaqlar əmək müaviləsi bağlaya bilməzlər. Lakin idmanın müxtəlif sahələrində, film çəkilişlərində, uşaqlar əməyə cəlb edilir. Bu predmet Əmək Məcəlləsinin işidir", deyə komitə sədri deyib.
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai Qaynarinfo-ya açıqlamasında bildirib ki, uşaq hüquqları ilə bağlı istənilən qanunvericilik təşəbbüsü yalnız onların ali mənafeyini əsas tutmaqla irəli sürülməlidir:
"Uşaqların inkişaf hüququ, onların fiziki və psixoloji sağlamlığı bizim üçün prioritetdir. Bu səbəbdən də uşaqların əmək fəaliyyətinə cəlb olunması məsələsinə yanaşmada çox həssas və balanslı olmaq vacibdir. Əmək Məcəlləsində və Konstitusiyada uşaqların hüquqlarını qorumaq məqsədilə qoyulmuş yaş məhdudiyyətləri, ilk növbədə, onların uşaq olaraq inkişaf etmə hüququnu təmin etmək məqsədi daşıyır. Bəli, bu gün reallıqda bəzi sahələrdə – xüsusilə də mədəniyyət, idman və sənət sahələrində uşaqların fəaliyyəti nəzərə çarpır. Lakin bu fəaliyyətin əmək müqaviləsi çərçivəsində deyil, xüsusi icazələr və nəzarət mexanizmləri ilə tənzimlənməsi daha məqsədəuyğundur. 15 yaşlı uşağın əmək müqaviləsi bağlaması hüququnun Konstitusiya dəyişikliyi ilə leqallaşdırılması təklifi isə geniş ictimai və mütəxəssis müzakirəsi tələb edən məsələdir".
Sədr əlavə edib ki, belə bir dəyişiklik uşaqların istismarına yol açacaq boşluqlar yaradarsa, bu, onların hüquq və rifahına ciddi mənfi təsir göstərə bilər:
"Əsas məqsədimiz - uşaqların təhsil alaraq, təhlükəsiz və dəstəkləyici mühitdə formalaşmasını təmin etməkdir. Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi olaraq təklif edirik ki:
* 15 yaşlı uşaqların iştirakı nəzərdə tutulan sahələrdə müvəqqəti fəaliyyətlər üçün ayrıca tənzimləmə mexanizmləri – xüsusi icazə və nəzarət çərçivələri hazırlansın;
* Uşaqların əmək fəaliyyətinə cəlb olunması təhsildən yayınma, psixoloji və fiziki zərər ehtimalları baxımından qiymətləndirilsin;
* Hər bir konkret fəaliyyət növü üçün risk analizi aparılaraq, hüquqi və etik çərçivədə həll yolları tapılsın".
Bahar Rüstəmli
Şərhlər