Kanada, Böyük Britaniya və Çindən olan beynəlxalq alimlər qrupu eramızın 6-cı əsrindəki mini buzlaq dövrünün onsuz da zəifləmiş Qərbi Roma İmperiyasının süqutunu qaçılmaz edən amil olduğu qənaətinə gəliblər. Bunu İslandiyada tapılan fəlakətli iqlim dəyişikliyinə dair sübutlar göstərir.
Qaynarinfo xəbər verir ki, araşdırma "Geology” elmi jurnalında dərc olunub.
Mütəxəssislərin fikrincə, 536-547-ci illər arasında üç böyük püskürmə atmosferi küllə dolduraraq, günəş işığının qarşısını kəsib. Temperatur bir neçə dərəcə aşağı düşüb və bu, bütün Avropada məhsul çatışmazlığına və aclığa səbəb olub. Bizans tarixçisi Qeysəriyyəli Prokopi bu dövrü günəşin "parlaqlığını itirdiyi" "böyük terror" dövrü kimi təsvir edib.
Bu kataklizmin əsas sübutu İslandiyanın qərb sahillərində tapılıb. Tədqiqatçılar Qrenlandiyadan aysberqlərin gətirdiyi qranit daşlarını tapıblar.
Kanadadakı Kraliça Universitetindən tədqiqatın aparıcı müəllifi Kristofer Spenser deyib: "Bu, həmin dövrdə qeyri-adi intensiv buzlaşmanın olduğunu göstərir".
Qərbi Roma İmperiyası 476-cı ildə formal olaraq mövcudluğunu dayandırsa da, iqlim böhranı onun mümkün dirçəlişinin qarşısını alıb. Tədqiqat mürəkkəb cəmiyyətlərin iqlim dəyişikliyinə həssaslığını vurğulayır. Müəlliflərin qeyd etdiyi kimi, keçmiş kataklizmlərin mexanizmlərini başa düşmək qlobal istiləşmənin müasir sivilizasiya üçün nəticələrini proqnozlaşdırmağa kömək edir.
Aydın
Şərhlər