Son illərdə ölkəmizdə qan donorluğunun inkişafı sahəsində mühüm irəliləyişlər müşahidə olunur. 2023-cü ildə Bankın mərkəzi və 8 regional bölməsinə müraciət edən donorların sayı 93 min nəfər təşkil etmişdi. 2024-cü ildə isə bu göstərici əhəmiyyətli artım nümayiş etdirərək 124.148 nəfərə çatıb.
Bu sözləri Trend-ə müsahibəsində Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev deyib.
O bildirib ki, qanvermə prosesi Azərbaycan qanunvericiliyinə uyğun olaraq könüllülük prinsipi əsasında təşkil edilir:
"Respublika Qan Bankı tərəfindən donorluğun təşviqi məqsədilə dövlət qurumlarında, özəl təşkilatlarda, ali təhsil müəssisələrində və tibb ocaqlarında mütəmadi olaraq maarifləndirici tədbirlər və qanvermə aksiyaları keçirilir. İctimaiyyətin bu aksiyalara göstərdiyi fəal iştirak donor hərəkatının davamlı inkişafına güclü təkan verib.
Hazırda Respublika Qan Bankı tədbirlər planı çərçivəsində fəaliyyətini sistemli şəkildə davam etdirir. Əsas məqsəd yalnız donor sayının artırılması deyil, eyni zamanda, qan donorluğunun cəmiyyət arasında sosial məsuliyyət və humanizm dəyəri kimi möhkəmləndirilməsidir".
Elxan Nağıyev qeyd edib ki, donorluq təşəbbüslərinin uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun dəstəyi xüsusi əhəmiyyət daşıyır.
"Respublika Qan Bankı qarşıdakı illərdə donor bazasının daha da genişləndirilməsi, qan xidmətinin regionlarda gücləndirilməsi və müasir tələblərə cavab verən infrastrukturun inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi qarşısına əsas hədəf kimi qoyub.
"Bir damla qan – bir ömür həyat" fəlsəfəsi ilə fəaliyyət göstərən Respublika Qan Bankı, həyatın qorunması uğrunda ölkəmizin ən böyük könüllü hərəkatına liderlik edir", - deyə o əlavə edib.
Şərhlər