"Təklif edilən sülh planında Kiyevdən yeni seçkilərin keçirilməsi tələbinin yer almaması daha çox ABŞ-ın özünün iqtisadi maraqlarına xidmət edən məsələdir”.
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Taleh Əliyev Prezident Trampın Ukrayna ilə bağlı sülh planında bu günə qədər səsləndirdiyi yeni seçkilərin keçirilməsi tələbinin yer almamasını şərh edərkən deyib.
Yəni ekspertin fikrincə, seçki tələbinin arxa plana keçməsində tərəflər arasında mineral ehtiyatlarla bağlı imzalanan sazişin mühüm əhəmiyyəti olub:
"ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı təklif etdiyi sülh planında Zelenskidən yeni seçkilərin keçirilməsilə əlaqədar səsləndirdiyi tələbinin yer almaması böyük ehtimalla Vaşinqtonla Kiyev arasında mineral ehtiyatların istismarı barədə əldə edilən saziş əhəmiyyətli rol oynayıb. Çünki Kiyev tərəfindən bu sazişi imzalayan Ukrayna baş nazirinin müavini, iqtisadiyyat naziri məhz bəzilərinin qeyri-legitim adlandırdıqları Prezident Zelenski tərəfindən müqaviləni imzalamaq üçün vəzifələndirilmiş şəxsdir. Yəni o, bu müqaviləni məhz Zelenskinin tapşırığı və razılığı ilə imzalayıb. Belədə, yeni seçkilərin keçirilməsi tələbinin ABŞ tərəfindən qüvvədə saxlanılması mineral ehtiyatlarla bağlı imzalanan sazişin özünün legitimliyini şübhə altına ala bilərdi. Ona görə də sülh sazişində belə bir tələbin yer almaması daha çox ABŞ-ın özünün iqtisadi maraqlarına xidmət edən məsələdir”.
Qeyd edək ki, "The Telegraph”ın mənbəyə istinadla verdiyi xəbərə görə, ABŞ-ın Ukraynada sülh planına bu ölkədə seçkilərin keçirilməsi tələbi daxil edilməyib. Halbuki, bir müddət əvvələ qədər ABŞ Prezidenti Tramp Zelenskini seçki keçirməkdən imtina etdiyinə görə tənqid edirdi.
Kiyev isə dəfələrlə bəyan edib ki, seçkiləri hərbi vəziyyətin ləğvindən sonra keçirəcək.
Rüfət Sultan
Şərhlər