Dünya hazırda qlobal səhiyyə maliyyələşməsində tarixdə ən böyük böhranla üz-üzədir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.
Qebreyesus vəziyyəti xüsusilə ABŞ tərəfindən göstərilən yardımın azaldılması ilə əlaqələndirib. Onun sözlərinə görə, ÜST uzun müddətdir qlobal səhiyyə maliyyələşməsində dəyişikliklərin zəruriliyini qeyd edir və özünü təminetmə ilə daxili maliyyələşmənin əhəmiyyətini vurğulayır.
ÜST rəhbəri donor ölkələrin vəsaitlərini istədikləri kimi xərcləmək hüququna malik olduqlarını qəbul edib və "onillərdir dünya üzrə səhiyyə sistemlərini maliyyələşdirən” ölkələrə təşəkkürünü ifadə edib.
"Lakin xarici yardımın tədricən və planlı şəkildə azaldılması əvəzinə, iqtisadi və ticarət baxımından mürəkkəb şəraitdə ictimai səhiyyə sahəsində xaos hökm sürür”, deyə Qebreyesus bildirib.
O, xüsusilə "unudulmuş tropik xəstəliklər”lə mübarizədə əldə olunmuş nailiyyətlərin təhlükə altına düşə biləcəyini vurğulayıb. Bu xəstəliklərdən bir milyarddan çox insan əziyyət çəkir və əsasən yoxsul və marginal icmalarda daha ağır təsir göstərir.
Qeyd edək ki, 2025-ci ildə ÜST-nin büdcə kəsiri 600 milyon ABŞ dolları həcmində proqnozlaşdırılır.
Aydın
Şərhlər