Tramp Ukrayna ilə sazişi şərh etdi: “Bayden 350 milyard dollar verdi, biz isə əsl sərvət əldə edirik” (VİDEO)
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə imzalanmış faydalı qazıntılar üzrə sazişin ABŞ üçün çox sərfəli olduğunu bildirib. Onun sözlərinə görə, bu razılaşma Amerika üçün qoyulan vəsaitdən qat-qat artıq gəlir vəd edir.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "NewsNation” telekanalına müsahibəsində deyib.
"Biz saziş imzaladıq, nəzəri olaraq bu saziş bizə 350 milyard dollardan çox qazanc vəd edir", – Tramp qeyd edib.
O, bu rəqəmi ABŞ-ın əvvəlki prezidenti Co Baydenin Ukraynaya hərbi yardım üçün ayırdığı vəsaitlə müqayisə edib:
"Bayden bu qədər pulu – 350 milyard dollar – Ukraynaya yardım üçün verdi. Biz isə indi bu məbləğ qarşılığında əsl sərvət əldə edirik".
Tramp əlavə edib ki, bu saziş çərçivəsində ABŞ-ın sərmayələri təhlükəsizlikdədir və amerikalılar Ukraynada hasilata başlaya biləcəklər. Onun fikrincə, bu, həm də Ukrayna üçün faydalıdır:
"ABŞ-ın hasilat ərazilərində iştirakı ölkənin müdafiəsinə kömək edəcək və bu bölgələrə zərərli oyunçuların müdaxiləsinin qarşısını alacaq".
Tramp xatırladıb ki, saziş ətrafındakı danışıqlar ilin əvvəlindən bəri çətin keçib. Fevralın sonunda Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin sənədi təntənəli şəkildə imzalayacağı gözlənilsə də, bu baş verməmişdi.
Yalnız dünən gecə ABŞ və Ukrayna arasında faydalı qazıntı ehtiyatlarına çıxışla bağlı razılaşmanın imzalandığı rəsmən təsdiqlənib. Bu barədə Ukraynanın baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib.
Tramp isə aprelin 30-da bildirib ki, "Ukrayna ilə mürəkkəb faydalı qazıntılar sazişi bağlamaq istəmirdi", lakin ABŞ-ın hasilat bölgələrində mövcudluğu "bir çox pis oyunçuları ölkədən uzaq saxlayacaq".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər