ABŞ Senatının Cənubi Karolinadan olan respublikaçı üzvü Lindsi Qrem bildirib ki, Rusiyaya və bu ölkədən neft alan dövlətlərə qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsini 72 senator dəstəkləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məlumat
yayıb.
Nəşrin əldə etdiyi sənədə əsasən, sanksiyalar Rusiyadan neft, neft məhsulları, təbii qaz və uran alan ölkələrdən idxala 500%-lik rüsum nəzərdə tutur. Həmçinin sənəddə ABŞ vətəndaşlarına Rusiya suveren borcunu almaq da qadağan edilir.
Ukrayna ilə faydalı qazıntılar üzrə razılaşma bağlandıqdan sonra çıxış edən Qrem bəyan edib ki, yeni qanun layihəsinin məqsədi prezident Donald Trampa dəstək verməkdir:
"O, (Tramp) öz məyusluğunu ifadə etmişdi. Mən danışıqlar yolu ilə müharibəyə layiqli və ədalətli son istəyirəm. Hesab edirəm ki, bu məqsədə çatmaq üçün Tramp ən uyğun şəxsdir. Ancaq bu sanksiyalar göstərir ki, Senat münaqişənin əsas günahkarı kimi Rusiyanı görür", – deyə senator vurğulayıb.
Qrem əlavə edib ki, Vladimir Putin Tramp ilə oynayaraq "böyük səhv" edir və bu qanun layihəsi prezidentin əlindəki alətlərdən biridir. Onun fikrincə, Putin nəhayət müharibənin dayandırılması ilə bağlı danışıqlar və ya Rusiya iqtisadiyyatının "məhvi" arasında seçim etməli olacaq.
Qeyd edək ki, ABŞ qanunvericiləri Rusiyaya qarşı yeni sanksiyalara razılaşmağa hazırdırlar. Respublikaçı Lindsi Qrem bildirib ki, o, "Putin Rusiyasına" qarşı yeni sanksiyalar haqqında iki partiyanın dəstəyini alan qanun layihəsi təqdim edib. Sənədi təxminən 60 senator imzalayıb.
14 aprel tarixində Donald Tramp Rusiyaya qarşı sanksiyaların müddətini bir il uzadıb. Söhbət hələ əvvəlki prezident Co Baydenin dövründə qəbul edilmiş sanksiya paketindən gedir. 15 aprel 2021-ci ildə ABŞ, Rusiya hökumətinin "ABŞ-ın milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına qeyri-adi və fövqəladə təhlükə yaradan zərərli xarici fəaliyyəti" ilə mübarizə aparmaq üçün fövqəladə vəziyyət elan etmişdi.
Ukrayna prezidenti Vladimir Zelenski ilə Romada keçirilən görüşdən sonra Tramp bəyan edib ki, Putin müharibəni dayandırmaq istəmir və buna görə də onun "yerini göstərmək" üçün ya bank sektoru üzərindən, ya da "təkrar sanksiyalar" tətbiq edilməlidir. Trampın fikrincə, müharibənin uzanması nəticəsində "çox sayda insan ölür".
Alpər
Şərhlər