Xəbər lenti

Tramp administrasiyası ilk dəfə Ukraynaya silah satışını təsdiqlədi – Kyiv Post
Dünya 11:09 01.05.2025

Tramp administrasiyası ilk dəfə Ukraynaya silah satışını təsdiqlədi – Kyiv Post

Donald Trampın prezidentliyi dövründə ABŞ administrasiyası ilk dəfə olaraq Ukraynaya 50 milyon dollar dəyərində müdafiə təyinatlı məhsulların birbaşa kommersiya satışı (DCS) yolu ilə ixracına icazə vermək niyyətini Konqresə bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kyiv Post” nəşrinin diplomatik mənbələrə istinadən yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, bu qərar Trampın Ağ Evə qayıtmasından bəri ilk belə addımdır. Bu vaxta qədər onun administrasiyası Ukraynada müharibənin diplomatik yolla həllini prioritet sayırdı və hərbi dəstəyə üstünlük vermirdi.

Təhlükəsizlik məsələləri üzrə "Tochnyi” tədqiqat qrupunun analitiki "Kyiv Post”a bildirib:  
"Bütün DCS (birbaşa kommersiya satışı) əməliyyatları səssiz şəkildə həyata keçirilir; onlar hərbi texnikanın xaricə satışı kimi ictimaiyyətə açıqlanmır. Burada əsas xəbər odur ki, ABŞ silah satışı davam edir, bütün proqnozlara baxmayaraq, Tramp Ukraynanı tamamilə tək buraxmayıb”.

Məqalədə bildirilir ki, bu satışa icazə, ABŞ prezidentinə müdafiə təyinatlı malların və xidmətlərin idxal-ixracına nəzarət səlahiyyəti verən Silah İxracına Nəzarət Aktına əsasən Dövlət Departamentinin Qanunvericiliklə Əlaqələr İdarəsi tərəfindən Konqresə təqdim edilib.

"RAND Corporation” tədqiqat təşkilatından müdafiə və təhlükəsizlik siyasəti üzrə ekspert Maykl Sesire qeyd edib ki, ABŞ-ın Ukraynaya hərbi yardımı – istər əvvəlki yardım paketlərinin uzadılması, istərsə də prezidentin fövqəladə silah ötürmə mexanizmi ilə – davam edərsə, bu Vaşinqtonun danışıqlarda mövqelərini gücləndirəcək:

"Tramp administrasiyası dəfələrlə Ukraynada uzunmüddətli atəşkəsə nail olmaq istədiyini bildirib. Bu məqsədə çatmaq üçün ABŞ-ın həm Kiyevə, həm də Moskvaya təsir vasitələri lazımdır”.

Qeyd edək ki, ABŞ Ukraynaya yeni silah tədarükü məsələsinə ciddi yanaşmırdı. "The New York Times” yazırdı ki, Avropa diplomatları ABŞ-ın Kiyevlə kəşfiyyat məlumatlarının paylaşılmasını davam etdirəcəyinə dair konkret zəmanətlər almadıqlarını bildiriblər.

Son zamanlar Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna ABŞ-dan 30-50 milyard dollar dəyərində böyük silah paketi almağa hazırdır:

"Biz istəyirik və hazırıq. Biz ABŞ tərəfinə almaq istədiyimiz böyük paketi təqdim etmişik. Almaq – hansısa formada. Bu, bizim öz ödəniş formatımızdır. Biz gələcək paketi pulsuz istəməmişik”.

Bu açıqlamadan sonra Prezident Tramp Zelenskini tənqid edib:

"O, həmişə raket almağa can atır. Baxın, siz müharibəyə başlayanda, onu uda biləcəyinizi bilməlisiniz, düz deyil? Kimsə ilə – özü də sizdən 20 dəfə böyük biri ilə – müharibəyə girib, başqalarının sizə raket verəcəyini ümid edə bilməzsiniz”.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->