Xəbər lenti

Məhkəmə məmuru övladına görə bağışladı: 93 ağacın kəsilməsində günahlandırılırdı... (FOTO)
Ölkə 15:25 01.05.2025

Məhkəmə məmuru övladına görə bağışladı: 93 ağacın kəsilməsində günahlandırılırdı... (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının vəzifəli şəxsləri barəsində məhkəmə hökmü çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, Hirkan Milli Parkında müxtəlif cins və diametrdə olan 93 ağacın qanunsuz kəsilməsi və 8 ədəd təbii aşmış ağacın daşınması faktına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözügedən park üzrə vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Hadisəyə görə Hirkan Milli Parkının mühafizə işləri üzrə direktor müavini, həmçinin park direktorunun səlahiyyətlərini icra edən Vüsal Babayev və Seyfidor meşəbəyliyinin 30 saylı dolayının sabiq mühafizə yegeri E.Ş cinayət məsuliyyətinə cəlb olunublar.

2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayınadək Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 29 və 30 saylı dolaylarında ümumilikdə 28.172,96 manat məbləğində dəyəri olan qızılağac, dəmir ağacı, vələs, qafqaz xurması və digər cinslərə aid 100-ə yaxın ağac kəsilib.

Ağacların qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən komissiya yaradılıb və onun rəhbəri kimi Vüsal Babayev təyin edilib.

Baş Prokurorluğun əməkdaşlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, hadisə Vüsal Babayev və digər vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində baş verib. Şahid ifadələrində mühafizə yegerlərinin müəyyən məbləğdə rüşvət müqabilində ağacların kəsilməsinə göz yumduqları qeyd olunub.

Məhkəmə Vüsal Babayevin himayəsində biri yetkinlik yaşına çatmayan olmaqla iki uşağının, digər təqsirləndirilən şəxsin isə üç azyaşlı övladının olmasını nəzərə alaraq onlara həbslə bağlı olmayan cəza verib.

Məhkəmənin qərarına əsasən, Vüsal Babayev və digər təqsirləndirilən şəxs hər biri 3 min manat məbləğində cərimə cəzasına məhkum olunub. Onların barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılıb.

Xatırladaq ki, Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən, səhlənkarlıq (vəzifəli şəxsin öz vəzifələrini vicdansız və ya laqeyd yerinə yetirməməsi nəticəsində fiziki və ya hüquqi şəxslərin, dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər dəydikdə) aşağıdakı cəzalardan biri ilə cəzalandırıla bilər:

– 1.500 manatdan 3.000 manatadək cərimə;
– 240 saatdan 460 saatadək ictimai işlər;
– 2 ilədək islah işləri;
– 2 ilədək azadlığın məhdudlaşdırılması;
– 6 ayadək azadlıqdan məhrumetmə.

Əhməd
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->