Xəbər lenti

Dünya 22:40 30.04.2025

"Mercedes"in mənfəəti kəskin azaldı

Alman avtomobil nəhəngi "Mercedes-Benz" 2025-ci ilin birinci rübündə xalis mənfəətində ciddi azalma olduğunu açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, şirkət xüsusilə Çin bazarındakı zəif tələb və ABŞ-ın tarif siyasəti səbəbilə qarşıdan gələn dövr üçün qeyri-müəyyənliyin artdığını bildirib.

AFP agentliyinin məlumatına görə, "Mercedes-Benz"in bu ilin ilk üç ayında əldə etdiyi xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 43% azalaraq 1,73 milyard avroya (1,93 milyard dollar) düşüb.

Şirkətin maliyyə direktoru Harald Vilhelm bildirib ki, Mercedes hələ də yüksək gəlir gətirən və lüks seqmentə aid modelləri ilə güclü mövqeyini qoruyur: "Bu, sağlam maliyyə balansımızla birlikdə, geosiyasi qeyri-müəyyənliyin yaşandığı dövrdə şirkəti idarə etmək üçün möhkəm bir əsas yaradır".

Maliyyə məlumatları üzrə ixtisaslaşmış "FactSet" şirkətinin apardığı analitik sorğuya əsasən, faiz və vergi öncəsi mənfəət analitik gözləntilərindən təxminən 15% aşağı düşərək 2,29 milyard avro təşkil edib.

ABŞ Prezidenti Donald Trampın istehsalı ölkəyə qaytarmaq məqsədilə tətbiq etdiyi gömrük tarifləri – xüsusilə avtomobil idxalına yönəlik 25%-lik vergi – qlobal avtomobil istehsalçıları üçün böyük təzyiqə səbəb olub. Mercedes bildirib ki, hazırda qüvvədə olan və tətbiqi planlaşdırılan bütün tariflər il sonuna qədər qüvvədə qaldığı təqdirdə, şirkət üçün ciddi təsirlərin olacağı gözlənilir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->