Xəbər lenti

Gündə nə qədər su içmək lazımdır?
Sağlamlıq 21:41 30.04.2025

Gündə nə qədər su içmək lazımdır?

Məlumdur ki, orqanizmdə su balansını qorumaq, ilk növbədə, susuzlaşmanın qarşısını almaq üçün vacibdir. Bundan əlavə, içməli su böyrəklərin sağlam fəaliyyətini dəstəkləyir, sidik yolları infeksiyası riskini azaldır və bağırsaqların işinə kömək edir. Həkim gündə 3 litr su içməyin mümkün olub-olmadığını və zəruri miqdarı necə asanlıqla qəbul etməyin yollarını izah edib.

Qaynarinfo xəbər verir ki, Benenden Xəstəxanasının terapevti Toni Finçem express.co.uk nəşrinə açıqlamasında bildirib ki, insan fiziologiyası suya əsaslanır. Onun sözlərinə görə, xüsusilə isti havalarda və ya qızmar iqlim şəraitində susuzlaşmanın və bunun beyin və ürək-damar sistemi üçün yaratdığı risklərin qarşısını almaq məqsədilə kifayət qədər maye qəbul etmək vacibdir.

Gündə nə qədər su içilməlidir?

Həkimin fikrincə, adi hallarda gündə 2 litr su - müxtəlif formada qəbul edilə bilər - kifayət edir. Çox isti hava şəraitində və ya güclü tərləmə baş verən hallarda bu miqdar artırılmalıdır. Belə hallarda gündə 8 fincan su (təxminən 2,3 litr, bir britaniya fincanı – 284 ml) içmək tövsiyə olunur.

Böyük Britaniyanın "Eatwell Guide" təlimatına əsasən, insanlar gündə 6-8 fincan və ya stəkan maye qəbul etməyə çalışmalıdırlar. Bu mayelərə su, az yağlı süd, çay və qəhvə də daxildir. Həkim qeyd edir ki, su əsaslı digər içkilər də bu iki litrlik gündəlik norma daxilində sayılır, lakin alkoqollu içkilər bu hesablamaya daxil edilmir.

Niyə gündə 2 litr su içmək lazımdır?

Finçemin sözlərinə görə, gündə kifayət qədər su içmək böyrəklərin işinə müsbət təsir göstərir, sidik yolları infeksiyası riskini azaldır və qəbizliyin qarşısını alır. Bu da bağırsaq pozuntularının və xərçəng kimi xəstəliklərin inkişafı riskini azaldır.

Bəs gündə 3 və ya daha çox litr su içmək olarmı?

Bəzi insanlar daha çox su içməyə çalışsalar da, mütəxəssislər xəbərdarlıq edir ki, bəzi hallarda bu, zərərli ola bilər. Məsələn, gündə 4 litr su sağlam insan üçün təhlükəli olmasa da, böyrək və ürək çatışmazlığı olan şəxslərdə vəziyyəti ağırlaşdıra bilər.

Bədən çəkisinə görə su miqdarını hesablamaq üçün qəbul edilən ortaq standart belədir: hər kiloqrama 30 ml su.

İki litri necə və nə vaxt içmək lazımdır?

Həkim Toni Finçem 2 litri bir dəfəyə deyil, gün ərzində bölərək içməyi tövsiyə edir. Ən yaxşısı, yeməklərlə birlikdə və yeməklərarası dövrlərdə - səhər və günorta arasında, həmçinin günorta və axşam arasında su qəbul etməkdir.

Yatmazdan əvvəl yatağın yanında bir stəkan su saxlamaq da faydalıdır, lakin çox su içmək yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər. İsti havalarda və fiziki gərginlik zamanı əlavə su qəbul etmək vacibdir.

Sağlam maye seçimi üçün tövsiyələr:

* Şəkərli içkiləri şəkərsiz və ya az şəkərli alternativlərlə əvəz edin.
* Meyvə şirələri və smuzilərin qəbulunu məhdudlaşdırın – gündə 150 ml kifayətdir və onu yemək zamanı içmək tövsiyə olunur.
* Konsentrat meyvə şirələrini və kompotları (squash) su ilə seyreltmək daha uyğundur.
* Qəhvə və kofeinli içkiləri ölçülü istifadə edin və etiketləri diqqətlə oxuyun.
* Əgər adi suyun dadını sevmirsinizsə, qazlı su içə və ya suyunuza limon və ya laym əlavə edə bilərsiniz.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->