Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin "Sinxua" agentliyinə məxsusi müsahibə verib.
Qaynarinfo müsahibəni təqdim edir:
- Hörmətli cənab Prezident, xatırlayırıq ki, ötən ilin iyulunda ŞƏT-in Astanada keçirilən 24-cü sammitində Siz və ÇXR-in Sədri Si Cinpin strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamə imzaladınız. Bu sənəddə qarşılıqlı hörmət, bərabər səviyyədə etimad, bir-birinə dəstək və əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın qurulmasını bəyan etdiniz. Bu, iki ölkə arasında münasibətlərin tarixində mühüm mərhələdir. Sizin fikrinizcə, Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafında hansı mühüm nəticələr əldə olunub və bunu necə qiymətləndirirsiniz?
- Haqlısınız, ötən il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu. Bəyannamədə xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib. Bununla yanaşı, biz razılaşdıq ki, əməkdaşlığı gələcəkdə də genişləndirək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə edək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edək.
Birlikdə bəyan etdik ki, bizim strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Birgə Bəyannamədə, həmçinin təsdiq etdik ki, biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc-yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq.
Hesab edirəm ki, bizim Astanadakı görüşümüz və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. Astanada görüşümüz zamanı mən Çinə dövlət səfərinə dəvət olundum və bu dəvəti məmnunluqla qəbul etdim. Mən də ÇXR-in Sədrini onun üçün uyğun olan vaxtda ölkəmizə səfərə dəvət etdim. İnanıram ki, yüksək səviyyədə belə səfərlər mübadiləsi dövlətlərarası münasibətlərimizin dərinləşməsi prosesinə əlavə impuls verəcək.
Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk və ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndiririk. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir. 2024-cü ildə hökumət və parlamentin yüksək vəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələri Çində səfərdə olublar.
Ötən il Çinin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədri müavini və Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Azərbaycana səfər ediblər. ÇXR Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirakı əlamətdar hadisə oldu. Bu tədbirdə 196 dövlətin, 150 beynəlxalq təşkilatın və BMT strukturlarının, həmçinin təxminən 2 min QHT-nin nümayəndələri iştirak etdilər. İnkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsinin ayrılması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması, həmçinin Paris Sazişinin 6-cı maddəsinin tam reallaşdırılması COP29 çərçivəsində qəbul edilən mühüm qərarlardır.
Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf arasında əlaqəni əhatə edən 14 qlobal təşəbbüslə çıxış etdi və onlar geniş beynəlxalq dəstək aldılar. Əldə olunan razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və dünyanın iqlim gündəliyi üçün müstəsna əhəmiyyətə malikdir.
Dünya ictimaiyyəti üçün belə bir mühüm tədbirdə Azərbaycana qarşı bəzi Qərb dairələri tərəfindən genişmiqyaslı əsassız təzyiq və boykot kampaniyalarına baxmayaraq, biz bir daha güclü siyasi iradə və peşəkarlıq nümayiş etdirdik ki, bu da konfransı yüksək səviyyədə keçirməyə, tarixi nəticələr əldə etməyə və çoxtərəfli danışıqlarda əsl sıçrayışa imkan verdi. Fürsətdən istifadə edərək, fəal iştirakına və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə qiymətli töhfəsinə görə Çinin nümayəndə heyətinə minnətdarlığımı bildirmək istəyirəm.
- Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2024-cü ildə Azərbaycanın xarici ticarətinin ümumi həcminin 7,9 faizi Çinin payına düşür. Çin ölkənizin dördüncü böyük ticarət tərəfdaşıdır və ilk dəfə əsas idxal mənbəyinə çevrilib. Noyabrın 24-də Azərbaycanın ixrac malları daşıyan ilk dəmiryolu qatarı Bakıdan Çinə yola salınıb. Çinin şəhərlərində Azərbaycan ticarət evləri yaradılır, Azərbaycan xalçaları, nar şirələri və başqa yüksək keyfiyyətli məhsullar isə minlərlə çinli ailənin evinə daxil olur. Siz "Kəmər və yol” təşəbbüsünün iki ölkə arasında praktik əməkdaşlığın inkişafında rolu haqqında nə düşünürsünüz?
- Astanada ÇXR-in Sədri ilə görüşüm əsnasında əldə olunan daha bir razılaşmaya diqqətinizi yönəltmək istəyirəm. Söhbət ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin gələcək inkişafından, onların keyfiyyətcə yeni məzmunla zənginləşməsindən gedir.
Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bəli, həqiqətən, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.
İki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. Hesab edirəm ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasının rəhni olacaq. ÇXR-ə səfərim ərəfəsində Bakıda Komissiyanın 10-cu iclasının keçirilməsi planlaşdırılır.
Sizin xatırlatdığınız Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Onlar ikitərəfli ticari münasibətlərimizin inkişafına sanballı töhfə verir. Azərbaycan Ticarət Evi, həmçinin Çində tanınmış beynəlxalq "JD” onlayn ticarət platformasında yaradılıb.
Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.
Məlum olduğu kimi, Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş "Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Biz bu istiqamətdə ciddi praktik layihələr həyata keçiririk. Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. 2019-cu ilin aprelində Çində keçirilən 2-ci "Kəmər və yol” Forumunda çıxış edərkən qeyd etdim ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır..
Biz "Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir.
Son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yolları salınıb və təmir edilib, 335 körpü və yol ayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlər görülüb, 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib.
Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı "Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.
Onu da diqqətinizə çatdırmaq istərdim ki, hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır.
Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.
- Çin və Azərbaycan qədim İpək Yolu sivilizasiyasının mərkəzində yer alır. Son illərdə iki ölkə arasında humanitar mübadilələr, xüsusən dillərin tədrisi və turizm sahələri inkişaf edir. Pekin Xarici Dillər Universiteti Azərbaycan dilinin öyrənilməsi proqramını həyata keçirir. Daha çox azərbaycanlı tələbə Çin dilinə maraq göstərir. Azərbaycan mənbələrinin məlumatına görə, ötən il Azərbaycana səyahət edən çinli turistlərin sayı əvvəlki illə müqayisədə iki dəfə artıb. Siz bu tendensiyanı necə qiymətləndirirsiniz?
- Siz hər iki dövlətin xüsusi əhəmiyyət verdiyi əməkdaşlığın mühüm sahələrinə toxundunuz. Strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamədə iki ölkənin mövcud müqavilə-hüquqi bazası çərçivəsində təhsil sahəsində əməkdaşlığın sabit inkişafı bəyan edilib. Bununla yanaşı, biz dillərin öyrənilməsi və tədrisi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirmişik.
Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən ölkələrimizin vətəndaşlarının sayı ildən-ilə durmadan artır. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. Sevindirici haldır ki, son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb, müvafiq kafedra yaradılıb.
İki ölkənin universitetləri arasında məhsuldar əməkdaşlıq həyata keçirilir, zəruri müqavilə-hüquqi baza yaradılır.
Əminəm ki, Çin və Azərbaycan dillərinin təhsil müəssisələrində tədrisinin, müəllimlər arasında mübadilənin və mütəxəssislər hazırlanmasının dövlət tərəfindən dəstəklənməsi dövlətlərin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin səmərəliliyinə imkan yaradacaq, iki xalqın yaxınlaşmasına və qarşılıqlı mədəni zənginləşməsinə xidmət edəcək.
Ötən il Azərbaycan turizmin inkişafı və işgüzar fəaliyyətin artırılması məqsədilə Çin vətəndaşlarına münasibətdə vizasız rejimi birtərəfli qaydada tətbiq etdi. Ölkələrimizin vətəndaşlarının vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənəcək.
- 2016-cı ildə Azərbaycan ŞƏT-in dialoq üzrə tərəfdaş ölkəsi oldu və ŞƏT ailəsinin mühüm üzvüdür. Məhz ŞƏT-in Astana sammitində iki ölkə arasında strateji tərəfdaşlıq quruldu. 2024-2025-ci illərdə ŞƏT-ə sədrlik edən Çin cari ildə ŞƏT-ə üzv dövlətlərin Dövlət Başçıları Şurasının 25-ci iclasına ev sahibliyi edəcək. Sizin bu sammitdən gözləntiləriniz nədən ibarətdir?
- Hesab edirəm ki, Çinin "Şanxay ruhunun təşviqi: ŞƏT fəaliyyətdədir” devizi altında təşkilata sədrliyi onun institusionallaşdırılmasına və beynəlxalq arenada rolunun gələcəkdə də möhkəmlənməsinə kömək edəcək. ÇXR ŞƏT-in təsisçi ölkələrindəndir və təşkilatın inkişafının aparıcı güclərindən biri olaraq qalır. Əminəm ki, Çinin sədrliyi üzrə geniş proqramı çərçivəsində səyləri ŞƏT prinsipləri əsasında çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə, həmçinin onun vəzifələrinin həyata keçirilməsinə əlavə impuls verəcək.
Ötən il Qazaxıstan Respublikası Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə mən ŞƏT-in Sammitində iştirak etdim. Hazırda Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir. Azərbaycanın ŞƏT ilə əməkdaşlığı terrorizmlə, ekstremizmlə və separatçılıqla mübarizə, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi kimi müxtəlif sahələri əhatə edir. Həmçinin sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın dəstəklənməsi kimi məsələlər diqqət mərkəzindədir. Məlum olduğu kimi, ölkəmiz bu sahələr üzrə beynəlxalq arenada fəal rol oynayır.
Biz ŞƏT-in fəaliyyətinə böyük əhəmiyyət veririk və bu təşkilatın təməlində dayanan prinsipləri bölüşürük. Regionda etibarlı tərəfdaş və mühüm dövlət olan Azərbaycan beynəlxalq və regional sülhün, təhlükəsizliyin bərqərar olmasına töhfə verməkdə davam edir, ticarət, kommersiya və investisiya əlaqələrinin genişlənməsinə yönəlmiş, bununla da qlobal iqtisadi inkişafa və Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına kömək edən irimiqyaslı iqtisadi-ticari, nəqliyyat, infrastruktur və energetika sahələrində layihələr həyata keçirir.
Həmçinin əminəm ki, ölkələrimizin sıx ikitərəfli qarşılıqlı fəaliyyəti Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının dərinləşməsinə və bu təşkilatın statusunun artmasına səmərəli surətdə kömək edəcək.
- Çin və Azərbaycan Qlobal Cənubun mühüm üzvləri kimi çoxtərəfli platformalarda sıx əməkdaşlığı dəstəkləyir və beynəlxalq ədaləti səmərəli şəkildə müdafiə edir. Siz Qlobal Cənubun yüksəlişinin qlobal idarəetməyə təsirini və Çin tərəfindən irəli sürülmüş bəşəriyyətin ortaq taleyi konsepsiyasını necə qiymətləndirirsiniz?
- Ötən il Astanda biz ÇXR-in Sədri Si Cinpin ilə bəşəriyyətin ortaq taleyi cəmiyyətinin yaradılmasına kömək etmək səylərimizi bəyan etdik. Biz sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində çıxış etdik. Bizim tərəfimizdən BMT-nin himayəsi altında beynəlxalq sistemin birgə dəstəklənməsi onun beynəlxalq məsələlərdə rolu, həqiqi çoxtərəflilik mövqeyi, həmçinin BMT Nizamnaməsi əsasında beynəlxalq hüquq, məqsəd və prinsiplərə əsaslanan dünya nizamının birgə dəstəklənməsi əzmi ifadə olundu.
Mən artıq dedim ki, Qlobal Cənubun bir hissəsi kimi, biz həmişə onun maraqlarını müdafiə etmişik. Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Planetin əhalisinin 80 faizi, dünya ÜDM-in təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir.
- 2019-cu ilin aprelində Sizin Çinə səfərinizdən altı ilə yaxın vaxt keçir. Çinə bundan əvvəlki səfərləriniz haqqında təəssüratlarınızı bölüşə bilərsinizmi? Çinə qarşıdakı səfərdən gözləntiləriniz nədən ibarətdir?
- Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. ÇXR-in Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi altında Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxardı, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Si Cinpinin başçılığı ilə Çin böyük uğurlar qazanıb. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir.
Sədr Si Cinpinin dəvəti ilə 2014-cü ildə Çinə işgüzar səfər etdim, artıq 2015-ci ildə mənim ÇXR-ə dövlət səfərim oldu. 2019-cu ildə ÇXR Sədrinin dəvəti ilə Pekində keçirilən İkinci "Kəmər və yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak etdim.
Sədr Si Cinpin ilə görüşlərimizi və səmərəli müzakirələrimizi böyük məmnuniyyətlə xatırlayıram. Şadam ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, bizim strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. Fəal dialoqumuz, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır.
Əminliklə deyə bilərəm ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. İnanıram ki, qarşıdakı səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək.
Şərhlər