Xəbər lenti

Ağacdan robota doğru
Murad KÖHNƏQALA
Ölkə 09:55 21.04.2025

Ağacdan robota doğru

Bu yaxınlarda, əcdadlarımızın təbiətlə canbir yaşadıqları dövrün bir adəti haqda xatırlamaya rast gəldim və dərhal indiki həyatımızı düşündüm. Düşündüm, gör, bəşəriyət haradan haraya gəlib çıxıb və haraya getməkdədir, tərəqqidəyik, yoxsa tənəzzüldə? 

Yəqin ki, tezliklə doğma şəhərimizin səkilərində robotlarla birgə addımlayacağıq. Ancaq görün, bu günkü dəmir-dümür aşiqi insanlar təbiətin bir parçası olan ağaclara nə vaxtsa hansı münasibətdə olmuşlar! 

Bu gün də yaşatdığımız bir ayin var: ürəyimizə yatan xoş şey görən kimi dərhal "göz dəyməsin!” deyib əlimizi taxtaya döyürük. Bununla da sanki, qorxulu bir şeyin qarşısını alır, hansısa bəlanı özümüzdən uzaqlaşdırır, uğurumuzun davamlı olmasını təmin edirik. Maraqlıdır ki, bu hərəkəti hətta batil inanclara inanmayanlar da edir: "Tu-tu-tu, göz dəyməsin!” Əslində isə "tu-tu-tu” yox, əlimizlə döyəclədiyimiz ağacdan, yaxud taxtadan çıxan "tak-tak-tak” səsini imitasiya edirik. Bəs, niyə məhz taxta? Bu jest haradan yaranıb? 

Bu sadə görünən hərəkətin arxasında min illər yaşı olan dünyagörüşü dayanır. Əlbəttə, qədim insanların təbiətə baxışı bizim bu günkü düşüncəmizdən qat-qat fərqli olub. Onlar ağacları canlı varlıq kimi deyil, tanrıların və ruhların məskəni kimi qəbul edirdilər. Hər bir ağacın öz qoruyucu ruhu olduğuna inanırdılar. İnsanlar ağacın gövdəsinə döyərək o ruhla əlaqə qurmağa, onu "oyatmağa", ondan yardım və himayə istəməyə çalışırdılar.

Xüsusilə, Avropanın qədim xalqları – keltlər və germanlar – ağaclara böyük ehtiramla yanaşırdılar. Onlar druidlərlə (kahinlərlə) birlikdə müqəddəs saydıqları palıd ağacının altında ayinlər keçirib şənlənirdilər. Palıd ildırım və savaş tanrısı Perunla əlaqələndirilir, ağcaqayın isə məhsuldarlıq və analıqla simvollaşdırılırdı.

Bu inanca görə ağacların daxilindəki ruhlar insanlara həm kömək edə, həm də onları cəzalandıra bilərdi. Buna görə qədim insanlar ağac ruhlarını razı salmaq üçün qudsal bildikləri ağacların dibinə hədiyyələr qoyur, onlara  toxunaraq ürəklərində diləklər tutur, budaqlarına arzu nişanələri bağlayırdılar. Bu inanc  Azərbaycanın müxtəlif bölgələrində indiyə qədər də yaşamaqdadı. 

Sonralar xristianlığın yayılması ilə bu cür rituallar birdən-birə yox olmadı, əksinə, yeni dini mənalarla birləşərək dəyişdi. Ağac artıq təkcə təbiət ruhlarının məskəni deyil, həm də İsa peyğəmbərin çarmıxa çəkildiyi müqəddəs simvol oldu. Taxtaya döymək isə Tanrının himayəsini çağıran bir dua jestinə çevrildi. Orta əsrlərdə insanlar müqəddəs ağac parçalarına, ikonaların taxta çərçivələrinə  toxunur, onların şəfa verici gücünə inanırdılar. 
Bütün bu ritualların fonunda yolka bəzəmək kimi bir ənənə də diqqət çəkir. Bu adət də qədim təbiət kultlarının mirasıdır. Qışın ortasında belə yaşıl qalan ağaclar – xüsusilə şam və küknar – həyatın davamı, işığın qaranlıq üzərində qələbəsinin simvolu sayılırdı. Onların bəzədilməsi bir növ, insana sağlamlıq bəxş edən meşə ruhlarına minnətdarlıq hissini simvollaşdırırdı. Daha sonralar isə bu adət Milad və Yeni il mərasimləri ilə birləşərək bu günkü yolka bayramı ənənəsinə çevrildi. 

Əslində, taxtaya döymək, yaxud ağac bəzəmək kimi rituallar insanın təbiətlə və onun görünməyən gücü ilə vəhdətə girmək arzusunun ifadəsidir. 

Bu ritualların əsasında insanın ana təbiətdən ayrılmamaq, daim onunla vəhdətdə yaşamaq ehtirası, istəyi dayanır. 

Əfsuslar olsun ki, əcdadlarımızdan bizə miras qalmış ana təbiəti, ona olan sevgini yeni texnologiyalar və modifikasiyalarla günü-gündən pozmaqdayıq. 

Murad Köhnəqala

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->