"Məlum isti münasibətlər bundan sonra da qorunub saxlanılacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Roma Papası Fransiskin ölümünün Bakı-Vatikan münasibətlərinə təsirindən danışarkən deyib.
"Azərbaycanın İtaliya ilə münasibətləri inkişaf tempinə malikdir. Azərbaycanın Avropa ölkələri ilə ticarət münasibətlərində İtaliya ön sıradadır. Bakının Roma Papası ilə münasibətləri də həmişə yaxşı olub. Roma Papası II İoann Pavel vaxtilə Azərbaycanda səfərdə olub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva isə Romada katakombaların bərpası prosesinə böyük töhfələr verib. Roma Papası və onun komandası dəfələrlə qeyd ediblər ki, həmin katakombaların bərpasına heç xristianlar dəstək verməyib. Amma Azərbaycan müsəlman ölkəsi olaraq prosesə dəstəyini ifadə edib", deyə deputat bildirib.
Deputat hesab edir ki, seçiləcək yeni Roma Papası da Azərbaycanla Vatikan arasında mövcud ənənəyə sadiq qalacaq və ölkəmizlə münasibətlərin inkişafı istiqamətində məlum xətti davam etdirəcək:
"Həmin ənənəyə zidd hər hansı bir addımın olacağına inanmıram. Hesab edirəm ki, məlum isti münasibətlər bundan sonra da qorunub saxlanılacaq”.
Qeyd edək ki, Roma Papası Fransisk vəfat edib. Bu barədə Vatikan məlumat yayıb.
Xorxe Mario Berqolyo 1936-cı il dekabrın 17-də Buenos-Ayresdə dəmiryolçu işləyən italiyalı emiqrant ailəsində dünyaya gəlib. O, 14 mart 2013-cü ildə Roma Papası seçilib və seçildikdən sonra Fransisk adını qəbul edib.
Rüfət Sultan
Şərhlər