Mario Varqas Lyosa böyük yazıçı və mürtəce fikirli siyasi xadim idi. Onun vəfatı ilə siyasətçi öldü, Yazıçı isə adını həmişəlik ədəbiyyat tarixinə yazdırdı.
Bu dissonans əvvəllər də olub. Faşizmi tərifləyən Ezra Paund. Hitlerə nekroloq yazan Knut Hamsun. Latın Amerikasının patoloji qəddar xuntalarını müdafiə edən Xorxe Borxes... Yəni, Varqas Lyosa nə birincidi, nə də sonuncu.
Ancaq fərq də var - Peru yazıçısı ömrü boyu diktaturaların əleyhinə yazıb. 2010-cu ildə ona Nobel mükafatı "Hakimiyyətin strukturunun detallı izahı və üsyan edən, mübarizə aparan, məğlub olan insanın parlaq təsvirinə görə” verilib. Elə isə bu "detallı izah”dan və "parlaq təsvir”dən yazıçı özü üçün hansı nəticələri çıxarmağı bacarıb?!
1990-cı ildə Peruda keçirilən prezident seçkilərində Varqas Lyosa aşkar favorit sayılırdı. Birinci turda səslərin 34 faizini topladı, ikinci turda isə onu hamının zəif rəqib saydığı Alberto Fuximori ilə mübarizə gözləyirdi. Və Varqas Lyosanın bəxti gətirdi - o, məğlub oldu. Qalib gəlsəydi, onu ən məşhur romanı olan "Keçinin bayramı”ndakı diktatora - Dominikan Respublikasının cəlladı Rafael Truxilyoya çevrilmək qisməti gözləyirdi. Çünki, yazıçı seçkiyə adamyeyən ideologiya - neoliberal platforma ilə gedirdi. Onun proqramındakı vədləri isə yalnız Pinoçetin Çilidə, Videlanın Argentinada, Kenan Evrenin Türkiyədə formalaşdırdığı rejimlər şəraitində reallaşdırmaq mümkündü.
"Çikaqo oğlanları”nın neoliberal iqtisadi siyasətini icra etmək üçün bütün siyasi və iqtisadi azadlıqlar məhdudlaşdırılmalı, iş yerləri qapadılmalı, sosial siyasət ləğv olunmalı, kapital xarici sərmayəçilərə verilməli, iqtisadiyyat özəlləşdirilməliydi. O vaxt ölkədə kapitalizmə qarşı maoist "Sendero Luminoso” və gevarist "Tupak Amaru” partizanları savaşırdı, onlara qarşı isə ordu və "Ölüm eskadronları” amansız müharibə aparırdı. Diktatorları lənətləyən Varqas Lyosa həm hərbi müxalifətin, həm fəhlə sinfinin, həm də hüquqsuz hindu kəndlilərin müqavimətini neytrallaşdırmaq üçün ölkəni fövqəladə rejimdə idarə etməliydi. Periferiya kapitalizmində isə neoliberal siyasət yalnız Şok doktrinası və terapiyasız şok şəraitində mümkündür.
Uduzan Varqas Lyosa inciyərək Avropaya qayıtdı. Onun seçki proqramında yer alan müddəaların isə hamısını sonrakı 10 il ərzində Perunun diktatoruna çevrilən Alberto Fuximori gerçəkləşdirdi. Məntiqi sonluqla - insan hüquqlarından danışmağa dəyməz, işsizlik və kütləvi yoxsulluq fonunda dövlət müəssisələri özəlləşdirildi, oliqarxiya varlandı, kapital xaricə axdı, repressiyalar və işgəncələr nomaya çevrildi. Bir sözlə, məğlubiyyət Varqas Lyosaya insan sifətini saxlamağa yardımçı oldu.
Ancaq onun neoliberal ideologiyaya hörməti epizodik deyildi və ömrünün sonunadək davam etdi. ABŞ İraqı işğal edəndə yazıçı baş verənlərə haqq qazandırdı və "diktatura kartı”nı bir daha oynayaraq "İraqlıların tiraniyadan azad edildiyini” yazdı.
2011-ci ildə prezident seçkilərində ikinci tura "Perunun Uqo Çavesi” adlandırılan (düzdür, bu ada layiq olmadı) Sol namizəd Olyanta Umala çıxanda Varqas Lyosa məktub yazaraq onu müdafiə etdi. Yox, o, Sola rəğbət bəsləmirdi, sadəcə Umalanın rəqibi Varqas Lyosanın "qan düşməni” Fuximorinin qızı Keyko idi. Və Keyko da seçkiyə elə Varqas Lyosa kimi neoliberal proqramla gedirdi. Yazıçı məktubunda bu addımını belə izah edirdi: "SPİD və xərçəng arasında seçim etməlisənsə, ziyanın az olanını seçməlisən”. Yəni, sosialist Umala - SPİD-dir, neoliberal Keyko isə yalnız ona görə xərçəng xəstəliyidir ki, Alberto Fuximorinin qızıdır. Əcəb obyektivlikdir.
Ömrünün son illərində isə o özünə yeni dostlar tapmışdı. Söhbət bazar apolegetləri olan xunta aşiqlərindən - Braziliyanın keçmiş prezidenti Jair Bolsonarudan və Argentinanın psixopat prezidenti Xavyer Mileydən gədir.
Halbuki, ömrünün ilk yarısında Varqas Lyosanın yaxın dostları kommunistlər və Sol intellektuallar idi. O, Pablo Neruda, Xulio Kortasar, Qarsia Markes, Xorxe Semprunla dostluq edirdi. O, Kuba inqilabını və Alyendenin hökumətini dəstəkləyirdi. Və bu, 1970-ci illərin ortalarına qədər davam etdi. Həmin metamorfozun sənədli sübutu kimi məşhur və çox tirajlanan bir foto da - Markes gülümsəyir, gözünün altı isə qaralıb. Bu qaralma Varqas Lyosanın yumruğunun nəticəsidir. 1976-cı ildə Mexikoda Fidel Kastro haqqında mübahisə iki dostun dalaşması ilə nəticələnir. Təbii ki, Markes Fideli müdafiə edir, Vrqas Lyosa isə əks mövqedədir. O hadisədən sonra onlar 30 il küsülü qalırlar. Bir filmdə deyildiyi kimi, "Fidel günahkardır”.
Maraqlıdır ki, SSRİ-də Varqas Lyosanı həvəslə nəşr edirdilər. Hələ 1963-cü ildə 27 yaşlı yazıçının "Şəhər və köpəklər” romanı çap olunur. O, SSRİ-yə səfər edir. Pinoçetin hərbi çevrilişindən sonra SSRİ-yə sığınmış kommunist Sebastyan Alarkon ("Çili üzərində gecə”, "Santa-Esperansa”, "Kondorun enişi” filmlərinin rejissoru”) həmin romanın əsasında "Yaquar” bədii filmini çəkir. Siyasi baxışlarından asılı olmayaraq, Varqas Lyosa SSRİ-də ən çox oxunan Latın Amerikası yazıçılarından birinə çevrilir.
Yaxşı kitabların müəllifi olan Mario Varqas Lyosanın paradoksallığı ondadır ki, onun ömrünün ikinci yarısında vəcdlə və səmimi şəkildə müdafiə etdiyi Sistemə yaxşı kitablar qətiyyən lazım deyil...
Məmməd Süleymanov
Şərhlər