Argentina paytaxtı Buenos-Ayresin şimalında yerləşən Nordelta qəsəbəsi yüzərlə dünyanın ən iri gəmiricisi olan kapibaralar tərəfindən işğal edilib.
Qaynarinfo "New York Times"a
istinadən xəbər verir ki, 2020-ci ildə pandemiya səbəbilə əhalinin evlərində qapalı qalmasından istifadə edən kapibaralar yaşıl ot və təzə su tapmaq üçün qəsəbənin nəfis məhəllələrinə yayılıblar. Onlar üçün digər cəlbedici amil yırtıcı heyvanların olmamasıdır.
Bioloqların hesablamalarına görə, son 2 ildə Nordeltadakı kapibaraların sayı 3 dəfə artaraq təxminən 1000 fərdə çatıb. Bu, yerli sakinlər üçün ciddi problem yaradıb.
Qəsəbədə indi kapibaraların tennis kortları yaxınlığında otladığını, voleybol meydançalarında yatdığını və maşınların qarşısından küçə keçdiyini görmək mümkündür. Əksər sakinlər kapibaraları sevimli hesab etsələr də, onlar yol qəzalarına səbəb olur, bağ bitkilərini yeyir və ev itlərinə hücum edirlər.
Nordelta rayonunun rəhbərlərindən biri Pablo Pefore bildirib ki, ona tez-tez bu amfibiya gəmiriciləri barədə şikayətlər gəlir, çünki bəzi insanlar onları aqressiv hesab edir və kiçik uşaqları üçün qorxurlar. O öz minişnauzerinin kapibaralar tərəfindən təqib edildiyini və bu səbəbdən onu bağçada tək buraxa bilmədiyini söyləyib.
Ancaq onun qonşusu Veronika Esposito iddia edir ki, kapibaralar itlərə yaxınlaşmır, yalnız bitkilərlə qidalanır: "Bəli, bitkiləri yeyirlər. Amma bitkilər yenidən bitər. Mən bunda problem görmürəm".
Esposito bu heyvanların müdafiəsini dəstəkləyən kiçik bir sakin qrupunun üzvüdür.
Argentina hökuməti keçən il Nordeltada 3 kapibarada vasektomiya təcrübəsinə başlayıb ki, bunun kişi fərdlərin qrupdakı statusuna necə təsir edəcəyini öyrənə bilsinlər. Uğurlu olarsa, bu üsul genişmiqyaslı tətbiq edilə bilər.
Fevralda isə yerli hökumət tərəfindən təsdiq edilən "kontraseptiv peyvənd proqramı" başladılıb. Çərçivəsində 250 yetkin kapibaranın sterilizasiyası nəzərdə tutulur.
Təşkilatın baş bioloqu Konstansa Falqera izah edib ki, onlar spermanın istehsalını dayandıran və yumurtlamanı əngəlləyən "peyvənd"dən istifadə edirlər. Bunun üçün bir neçə ay fasilə ilə 2 inyeksiya lazımdır, lakin təsiri yalnız bir neçə ay davam edə bilər, buna görə də heyvanları təkrar-təkrar peyvənd etmək üçün yuxu halına gətirmək lazımdır.
Sterilizasiyanın dəqiq müddəti məlum deyil, çünki ABŞ-də istehsal olunan bu preparat əvvəl kapibaralarda istifadə edilməyib. Əslində bu dərman donuzlarda ət dadını yaxşılaşdırmaq üçün kəsmədən əvvəl hormonal tarazlığı tənzimləmək üçün yaradılıb.
2019-cu ildə Nordeltada kapibaraları qorxutmaq üçün çimərliklərə yırtıcı heyvanların qoxusu yayılıb. Lakin Falqeranın sözlərinə görə, kapibaralar artıq təbii düşmənlərlə üzləşmədiyi üçün bu metodun effektivliyi zamanla azalıb. Buna görə də icma kastrasiya və ya vasektomiyadan daha effektiv olan inyeksiya üsulunu seçib.
Eyni zamanda, kapibaraların müdafiəçiləri heyvanların çoxalmasına müdaxiləni aqressiv və qəbuledilməz hesab edirlər. Onlar iddia edirlər ki, populyasiyanın artmasının səbəbi yalnız vəhşi meşələrin məhv edilməsi nəticəsində heyvanların şəhərətrafına köçməsidir və kapibaralar üçün xüsusi təbiət qoruğu yaradılmasını tələb edirlər.
Aydın
Şərhlər