Yer səthinə çatan günəş işığının miqdarı zamanla əhəmiyyətli dərəcədə dəyişə bilər.
Qaynarinfo xəbər verir ki, bu qənaətə professor Martin Vildin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu gəlib. Araşdırmanın nəticələri "Advances in Atmospheric Sciences" (AAS) jurnalında dərc olunub.
Tədqiqatçılar çoxillik müşahidə məlumatlarını təhlil edərək müəyyən ediblər ki, 1950-ci illərdən 1980-ci illərə qədər Yer səthində günəş şüalarının miqdarında azalma müşahidə olunub. Bu dövr "qlobal qaralma" dövrü kimi xarakterizə olunur. 1990-cı illərdən etibarən isə əks tendensiya - işıqlanma, yəni günəş axınının qismən bərpası baş verib ki, bu da ətraf mühitin yaxşılaşması ilə əlaqələndirilir.
Məqalə müəllifləri xüsusilə Çinə diqqət yetiriblər. Bu ölkə atmosferin günəş şüalanmasına təsirinin öyrənilməsi üçün unikal şəraitə malikdir.
"Çin geniş hava müşahidə şəbəkəsinə və uzunmüddətli məlumat arxivlərinə malikdir ki, bu da onu qaralma və işıqlanma kontekstində ən çox öyrənilmiş ölkələrdən birinə çevirir", deyə professor Vild bildirib.
Araşdırmalar göstərib ki, Çində xüsusilə 1960-cı illərdən 1990-cı illərə qədər günəş enerjisinin azalması hava çirklənməsi ilə bağlı olub. Lakin 2000-ci illərin əvvəllərindən etibarən vəziyyət dəyişməyə başlayıb: çirklənmə ilə mübarizə tədbirləri nəticə verib və günəş enerjisi yenidən daha çox miqdarda Yer səthinə çatmağa başlayıb.
"Əgər Çin 1960-cı illərdəki atmosferin təmizliyi səviyyəsini tam bərpa edə bilsə, bu, günəş energetikasının effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər", deyə Vild əlavə edib.
O həmçinin vurğulayıb ki, bu cür dəyişikliklər təkcə iqlim və ekoloji baxımdan deyil, həm də günəş enerjisi sahəsində resursların qiymətləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Müəlliflərin fikrincə, günəş şüalanmasındakı dəyişikliklər iqlimdən və kənd təsərrüfatından tutmuş insan sağlamlığına və enerji sektoruna qədər bir çox sahəyə təsir göstərir. Buna görə də bu proseslərin monitorinqi elmi tədqiqatların prioritet istiqaməti olmalıdır.
Aydın
Şərhlər