2024-cü ildə Rusiyanın qarnizon hərbi məhkəmələri cinayət işləri üzrə ümumilikdə 13 699 nəfəri məhkum edib. Bu, ən azı 2010-cu ildən bəri qeydə alınmış ən yüksək göstəricidir.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatlara ''Verstka'' nəşri Ali Məhkəmənin nəzdindəki Məhkəmə Departamentinin statistikasına əsasən diqqət
çəkib.
Məhkum olunanların 6 838 nəfəri azadlıqdan məhrumetmə cəzası alıb – bu da son 14 ilin maksimum göstəricisidir. Müqayisə üçün: 2023-cü ildə cəmi 3021 hərbçi həbsxanaya göndərilmişdi.
Rəsmi statistikaya əsasən, Ukraynaya qarşı genişmiqyaslı işğalın başlanmasından sonra rusiyalı hərbçilərə qarşı cinayət ittihamları ilə bağlı hökm sayı kəskin artıb. Belə ki,
– 2022-ci ildə 4 191,
– 2023-cü ildə 7 779,
– 2024-cü ildə isə 13 699 hərbçi məhkum olunub. Bu, ötən illə müqayisədə 76% artım deməkdir.
Əvvəllər ən çox məhkum edilmiş hərbçi sayı 2010-cu ildə qeydə alınmışdı – 8 632 nəfər. Ən aşağı göstərici isə 2020-ci ilə aiddir – 3 351 nəfər.
Statistikadan görünür ki, 2024-cü ildə narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan hərbçilərin sayı da rekord həddə çatıb – 774 nəfər. Bu sahədə əvvəlki rekord 2015-ci ildə qeydə alınmışdı – 560 hökm. Hərbçilərin sözlərinə görə, hər bir diviziyada təxminən 10–15% hərbi qulluqçu narkotik vasitələrdən istifadə edir. Ən geniş yayılmış maddələr sırasında marixuana, mefedron, amfetamin, "duzlar", eləcə də "Lirika", "Tropikamid" və barbituratlar adlı tibbi preparatlar var.
"Mediazona”nın hesablamalarına görə, 2024-cü ildə rus məhkəmələri hər gün orta hesabla 34 hökm çıxarıb – bu hökmlər hərbi hissəni özbaşına tərk etmə maddəsi ilə bağlı olub.
''İdite lesom'' adlı hüquq müdafiə layihəsinin məlumatına görə, Ukraynadakı müharibədən qaçmaq istəyən rus hərbçilərinin sayı bir ildə on dəfədən çox artıb. Əvvəllər aylıq onlarla müraciət daxil olurdusa, indi bu rəqəm yüzlərlədir.
Eyni zamanda ilk dəfə bir rus hərbçi könüllü şəkildə əsir düşdüyünə görə 15 il azadlıqdan məhrum edilib. Cənub-Saxalin qarnizon hərbi məhkəməsi kiçik çavuş Roman İvanişinə qarşı hökm çıxarıb. O, sərt rejimli koloniyada cəza çəkəcək və hərbi rütbəsindən də məhrum edilib.
Alpər
Şərhlər