Bakıda mərc oyunlarına "yatırım" etmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq- təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan B.R. 2 il müddətinə azadlıqdan məhrum edilib.
İş materiallarından aydın olur ki, B.R. Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsində yerləşən yaşayış binalarının birində mühafizəçi işləyib. Həmin vaxt orada E.K. və M.Ş. ilə tanış olub.
O, həmin şəxslərə mərc oyunları ilə məşğul olan tanışlarının olduğunu deyərək onları bu işə yatırım etməyə təşviq edib. B.R. bu məqsədlə E.K-dan 4500 manat, M.Ş-dan isə 25 000 manat alıb.
B.R. inandırıcı olsun deyə, pulu aldıqdan qısa müddət sonra E.K-ya və M.Ş-ya "qazanc" təqdim edib. Guya onların pulları dövriyyədədir və onlara verilən məbləğ faizlərdən əldə olunmuş qazancdır.
Lakin bir müddət keçdikdən sonra E.K. pulunun hamısını geri istəyib. B.R. isə pulu verməkdən imtian edib.
M.Ş-ya gəlincə, o da pulunu geri almaq istəsə də, B.R.-nı tapa bilməyib. Ona görə, baş verənlərlə bağlı polisə şikayət edib.
B.R. saxlanıldıqdan sonra ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. B.R. məhkəmə prosesində verilmiş ittiham üzrə özünü təqsirli bilib.
Seyid
Şərhlər