Xəbər lenti

Rusiya heç bir ilkin şərt olmadan danışıqlara niyə belə həvəslə gedir? (ŞƏRH)
Dünya 18:35 28.04.2025

Rusiya heç bir ilkin şərt olmadan danışıqlara niyə belə həvəslə gedir? (ŞƏRH)

"Heç bir ilkin şərt olmadan Kiyevlə danışıqlara hazır olduqları barədə Kremlin açıqlaması əslində yeni eskalasiya üçün Putinin əlinə oynayan bir məqamdır". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmiti Peskovun Rusiyanın Ukrayna ilə ilkin şərt olmadan danışıqlara hazır olduğu barədə bəyanatını şərh edərkən deyib. 

Həmsöhbətimiz düşünür ki, Peskovun bu bəyanatı qeyri-müəyyən xarakter daşıyır: 

"Söhbət danışıqların predmetindən gedir. Məlum olmur ki, Kreml Ukrayna ilə hansı mövzuda danışmaq istəyir. Konkret olaraq müharibə mövzusunda danışılmalı olan məsələlərin hansıları olduğuna aydınlıq gətirilməyib".
 

 
Bu səbəbdən ekspert hesab edir ki, bu açıqlama Putinin növbəti oyunudur:

"Putin sadəcə olaraq, Ukraynaya son hücumlar fonunda öz mövqeyini daha da möhkəmləndirmək məqsədilə vaxt udmaq istəyir. Ona görə də heç bir şərt olmadan danışıqlara hazır olduğunu məsələsini ortaya atmaqla onun müəyyən qədər müzakirə olunmasına çalışır. Bu müddət ərzində isə Putin yeni hücumlar üçün vaxt qazanmaqla Rusiyanı səfərbərliyə almaq istəyir".

Qulamhüseyn Əlibəyli qeyd edir ki, bununla əslində Putin Trampın irəli sürdüyü təkliflərin elə onun özünün maraqlarını təmin etməyə yönəldiyini bildirmək istəyib: 

"Digər tərəfdən, Tramp adminstrasiyasının Ukrayna probleminə münasibəti onu göstərir ki, Rusiyanın maraqlarını ondan yaxşı müdafiə edən yoxdur. Hətta bir çox hallarda Tramp adminstrasiyası Putindən daha çox dərəcədə Rusiyanın maraqlarını müdafiə edir. Belədə onlar Ukraynanı məğlubiyyətlə, bəzi torpaqların itirilməsilə barışdırmağa çalışırlar. Digər ərzilərdə isə ABŞ-ın Ukraynanın təbii sərvətlərini istismar etməsi və Avropanın da marağını nəzərə alaraq bu ölkələrdən ibarət sülhyaratma qüvvələrinin Kiyevin nəzarətində qalan hissələrdə yerləşdirilməsi görünür, Kremlin də maraqlarına uyğundur. Ona görə də Putin konkret olaraq ilkin şərtlər irəli sürməyəcəyini bildirmək istəyir. Bununla əslində qeyd etmək istəyir ki, Trampın irəli sürdüyü təkliflər elə onun özünün maraqlarını təmin etməyə yönəlib". 

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ukrayna ilə ilkin şərt olmadan danışıqlara hazır olduğunu bildirib. 
"Dünən Uitkofla söhbəti zamanı Vladimir Putin Rusiya tərəfinin heç bir ilkin şərt olmadan Ukrayna ilə danışıqlar prosesini bərpa etməyə hazır olduğunu təkrarladı", deyə mətbuat katibi bildirib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->