Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu vətəndaşları Mənzil Məcəlləsini bilməməkdə ittiham edib. Sədr bildirib ki, Mənzil Məcəlləsinə görə, hündürmərtəbəli binaların tikildiyi torpaq sahəsi həmin binada yaşayan sakinlərin kollektiv mülkiyyəti hesab olunur:
"Binanın altında yerləşən bütün obyeklər, marketlər və s. həmin bina sakinlərinin mülkiyyətidir. Sakinlərin icazəsi olmadan tikinti şirkətlərinin həmin əraziləri satmağa, yaxud da icarəyə verməyə heç bir ixtiyarı yoxdur. Mənzil alan vətəndaşlar Mənzil haqqında qanunu bilsə, yaşadığı evdən gəlir əldə edəcəklər. Məsələn, binanın altında hər hansı marketlər şəbəkəsi yerləşir. Həmin market ayda nə qədər kirayə haqqı verir. Həmin kirayə pulu binada yaşayan sakinlər arasında bölüşdürülməlidir. Azərbaycanda mənzil sahibləri evlərindən gəlir götürə bilmir".
Vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, binanın altındakı torpaq sahəsi sakinlərin hamısının mülkiyyətidir:
"Və yaxud da onların istifadəsindədir. Binanın damı, çardağı, zirzəmisi, liftləri, həyətyanı sahəsi də onların hamısına aiddir. Amma ola bilər ki, orada qeyri-yaşayış sahələri, market və s. kimi obyeklərin kimdəsə çıxarışı, yəni qeydiyyatı varsa, onun mülkiyyəti hesab olunur. Yoxdursa, onda həmin obyekt binanın ümumi mülkiyyətidir və ondan istifadə edərkən kassaya ödəniş edilməlidir. Amma son zamanlar başqa pozuntular var".
Əkrəm Həsənov deyir ki, Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti binaların zirzəmisində olan qarajlara da çıxarışlar verir:
"Bu, tam qanunsuzdur, amma bunu edənlər var. Vətəndaşlar da haqlarını bilmir, müvafiq dövlət qurumları da qanunu pozmağa başlayıb. Halbuki bu, ümumi mülkiyyətdə olan sahədir. Bu sahədə ciddi problemlər var. Dövlət tədbir görmür, vətəndaşlar da haqqını bilmir".
Bahar Rüstəmli
Şərhlər