Bakıda içkili müştərinin 7 manat təşkil edən gediş haqqına görə kartından 700 manatı özünə göndərən taksi sürücüsü həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1996-cı il təvəllüdlü taksi sürücüsü və "ayıq sürücü" kimi də xidmət göstərən Orxan H. barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, Şakir adlı şəxs Səbail rayonu, "Tarqovı" kimi bilinən ərazidə yerləşən restoranların birində spirtli içkidən istifadə edib. Evinə getmək üçün təxminən saat 05:15 radələrində 7 manata taksi fəaliyyəti ilə məşğul olan Orxan H.-nın avtomobilinə əyləşib.
Təqsirləndirilən şəxs müştərini "Tarqovı"dan yaşadığı Nəsimi rayonu, A.Məhərrəmov küçəsinə aparıb. Zərərçəkmiş şəxs üzərində nağd pul olmadığı üçün mobil telefondakı tətbiq vasitəsilə kartdan karta köçürməklə ödəniş etmək istəyib. Spirtli içkinin təsiri altında olduğu və gözü yaxşı görmədiyi üçün telefonunu taksi sürücüsünə verib və bank tətbiqindən öz kartına 7 manat ödəniş etməsini xahiş edib. Sonra isə ödəniş əməliyyatına baxmadan həmin şəxslə sağollaşaraq mənzilə qalxıb.
Bir gün sonra əməliyyat tarixçəsinə baxarkən kartdan başqa bir karta 700 manat pul köçürüldüyünü aşkar edib. Məlum olub ki, özünü Orxan kimi təqdim edən taksi sürücüsü 7 manat əvəzinə 700 manatı başqa bir kart hesabına köçürüb. Bu əməliyyat zamanı 7 manat komissiya haqqı da çıxılıb. O, Orxanla əlaqə saxlayaraq pulu geri qaytarmasını tələb etsə də, sonuncu pulu xərclədiyini bildirərək bundan imtina edib.
Şakir polisə şikayət edib və sürücü saxlanılıb. Məhkəmənin qərarı ilə, Orxan H.ya 2 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Aydın
Şərhlər