Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naftalan şəhər Uşaq Musiqi Məktəbinin direktoru Almaz Əliyeva barəsində məhkəmə qərarı çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, Almaz Əliyevaya qarşı 2023-cü ilin dekabr ayında Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla israf etmə) üzrə cinayət işi açılıb və iki illik istintaqdan sonra məhkəmə hökmü elan edilib.
İttihama əsasən, Almaz Əliyeva təşkilati-sərəncamverici səlahiyyətlərə malik rəhbər şəxs kimi qulluq mövqeyindən sui-istifadə edərək, musiqi məktəbinin şagird siyahısında adı olsa da, dərslərdə iştirak etməyən şagirdlərə görə müəllimlərə ümumilikdə 14.320,57 manat həcmində əsassız əməkhaqqı ödənilməsinə şərait yaradıb. Bu vəsait büdcə fondlarından israf edilməklə mənimsənilib.
Bundan əlavə, o, məktəbdə dərs keçməyən müəllimlərə əməkhaqqı yazmaqda və bəzi müəllimlərdən dərs saatlarının artırılması müqabilində rüşvət almaqda da təqsirləndirilib.
Məhkəmədə Almaz Əliyeva özünü yox, müavinini məsul şəxs kimi göstərərək bildirib ki, Nazirlik və digər idarələrə çağırılması, şəhər tədbirlərində iştirakı səbəbindən məktəbdə daimi ola bilməyib, bu səbəbdən sözügedən qanun pozuntuları baş verib.
Məhkəmənin qərarına əsasən, Almaz Əliyeva 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Bu müddət ərzində o, Naftalan şəhəri və Goranboy rayonunun ərazi hüdudlarını tərk etməməli və elektron nəzarət qolbağı ilə hərəkət etməlidir.
Aydın
Şərhlər