Milyarder iş adamı Oleq Deripaska rublun yaxın vaxtlarda dollara nisbətdə 125-ə qədər ucuzlaşacağını bəyan edib. O, bunun səbəbi kimi neft qiymətlərinin kəskin azalmasını göstərib: "Neft 1 barelə görə 45 dollara düşür. Bu o deməkdir ki, kurs 115–125 rubla qədər qalxacaq”.
Qaynarinfo xəbər verir ki, bu barədə o, "Telegram” kanalında yazıb.
O, paylaşımına "Financial Times”ın Brent markalı neftin qiymətinin 59 dolların altına düşməsi ilə bağlı məqaləsini də əlavə edib. Qiymətlər 5 mayda OPEC+ ölkələrindən səkkizinin hasilatı ardıcıl ikinci ay planlaşdırılandan üç dəfə artıq artırmaq niyyətlərini açıqlamasından sonra enməyə başlayıb. Brent markasından sonra digər neft növlərinin də qiymətləri düşüb. Məsələn, ABŞ-ın West Texas Intermediate (WTI) markalı neftinin qiyməti 1 barelə görə 56 dollara qədər enib. Aprelin əvvəlində isə ABŞ prezidenti Donald Tramp 211 ölkə və əraziyə 10–50% gömrük rüsumları tətbiq etdikdən sonra neft qiymətləri 20%-ə yaxın düşmüşdü.
Bu şəraitdə Rusiya Maliyyə Nazirliyi enerji satışından büdcəyə daxilolmalarla bağlı planı təxminən 25% azaldaraq 8,32 trilyon rubla endirib. Eyni zamanda gözlənilən büdcə kəsiri də əvvəlki 1,17 trilyon rubldan 3,79 trilyon rubla (proqnozlaşdırılan ÜDM-in 1,7%-i) qaldırılıb. Gəlir itkisini qismən kompensasiya etmək üçün hökumət Milli Rifah Fondundan (FNB) 806 milyard rubl həcmində valyuta satmaq qərarı verib. Əgər Rusiya neftinin qiyməti hökumətin yenilənmiş makroproqnozunda nəzərdə tutulan 48,8 dollardan aşağı düşərsə, FNB-dən xərclər daha da arta bilər.
Büdcə kəsirinin böyüməsində rublun güclənməsi də rol oynayıb. Bu, Rusiya ilə ABŞ arasında Ukrayna üzrə aparılan danışıqlarla və sanksiyaların qaldırılması gözləntiləri ilə bağlı baş verib. Aprel ayının sonunda dollar ilk dəfə olaraq 2023-cü ilin mayından bəri 80 rubl həddindən aşağı düşüb. Bununla yanaşı, may ayında vergi məqsədləri üçün hesablanan Rusiya neftinin orta qiyməti son iki ildə ilk dəfə olaraq 1 barelə görə 4000 rubldan aşağı düşüb ki, bu da 2025-ci il üçün büdcə planlaşdırmasında əsas götürülən səviyyədən 41% azdır.
Rusiya İqtisadi İnkişaf Nazirliyi 2025-ci ildə rublun dollara qarşı orta illik məzənnəsini 94,3 səviyyəsində proqnozlaşdırır. Bu isə ilin sonuna qədər dolların təxminən 98,7 rubla qədər bahalaşacağı deməkdir. "Ari Kapital” şirkətinin baş direktoru Aleksey Tretyakovun sözlərinə görə, devalvasiya büdcə balansını bərpa etmək üçün zəruridir. "Tverdiye Tsifri” analitik mərkəzinin mütəxəssisləri isə bildirirlər ki, hətta dollar 100 rubla qədər bahalaşsa belə, 2025-ci ilin sonunda büdcə kəsiri 2–2,5 trilyon rubl təşkil edəcək.
Alpər
Şərhlər